Aprelin 10-da “Qız qalası” qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadir Doğruerin fərdi sərgisi açıldı.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgi Azərbaycan-Türkiyə incəsənət əlaqələrinin daha da genişləndirilməsi, tanınmış türk rəssamının yaradıcılığının ölkəmizdə tanıdılması məqsədi daşıyır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda fərdi sərgisinin açılması münasibətilə rəssamı təbrik etdi. İxtisasca həkim olan Kadır Doğruerin sənətə vurğunluğundan söz açdı, rəssamın əsərlərinin Türkiyədə, Avropa ölkələrində sərgiləndiyini dedi.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov türkiyəli sənətkarın əsərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığını bildirdi. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar incəsənət xadimi Bayram Hacızadə karikatura sənətinin əhəmiyyətindən danışdı. Karikaturanı demokratik cəmiyyətin məhsulu adlandırdı.
Sonda çıxış edən Kadir Doğruer sərginin təşkilinə görə hər kəsə minnətdarlığını bildirdi: “Rəsmlərimlə danışmağa çalışdım, hisslərə önəm verdim, ümid edirəm ki, azərbaycanlı tamaşaçılar da məni anlayacaq”.
Çıxışlardan sonra rəssamın əsərlərinə baxış keçirildi. Sərgi aprelin 20-dək davam edəcək.
Reyhan