Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda, İçərişəhərdə anadan olub. Kiçik yaşlarından sənətə maraq göstərib, “Pionerlər evi”ndə rəsm dərnəyində məşğul olub. 8-ci sinfi bitirəndən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olub. 1945-ci ildə bu təhsil ocağını bitirdikdən sonra yaxşı oxuduğuna və istedadlı tələbə olduğuna görə onu məktəbdə müəllim vəzifəsində saxlayıblar. Sənətdə öyrəndiklərini tələbələrinə həvəslə ötürən gənc müəllim rəssam kimi də fəaliyyətini davam etdirib. 1947-ci ildən respublika və ümumittifaq sərgilərdə iştirak etməyə başlayıb.
   
   Rəssam o dövrün qabaqcıl üslubu olan “sərt üslub”da çalışırdı. Bu üslubda çalışan fırça ustalarının məqsədi yalançı gözəllikdən, rahatlıqdan imtina edib həyatın sərt üzünü göstərmək, zəhmətə, məişətə baxış yaratmaq idi. Lakin təbii ki, sənət əsərində gözəlliyə, sərbəstliyə də ehtiyac var idi.
   Davud Kazımovun tabloları heç zaman soyuq, rəngsiz, pessimist olmur. Palitraya qəlbinin çalarlarını, emosiya və duyğularını da qatan rəssam portretlərində insanların üz quruluşunu, geyimini, mənzərələrində Azərbaycanın gözəl guşələrini özünəməxsus şəkildə təsvir edir, əks etdirir.
   Rəssamın erkən işləri 50-ci illərin ikinci yarısına təsadüf edir. Stalin dövrünün bitməsi bütün sahələrdə olduğu kimi, incəsənətdə, rəssamlıqda da nisbətən mövzu, üslub azadlığı yaratmışdı. Fırça ustasının yaratdığı sadə, lirik peyzajlar səmimiliyi, koloritin incəliyi və yumşaqlığı ilə fərqlənirdi. “Zuğulba, “Dəniz kənarı” bu əsərlərindəndir. Lakin bir müddət sonra, 60-cı illərdə insanların düşüncələrində azadlıq yaradan mülayimlik, zəriflik dövrünü öz mövqeyini uzun illər saxlayan “sərt üslub” əvəz etdi. Bu üslub realist təsvirləri, insanla təbiətin sanki sərt həqiqətini açıb göstərir.
   Davud müəllimin sonrakı əsərləri əsasən yaradıcılıq səfərləri ilə bağlıdır. Respublikamızı qarış-qarış gəzən rəssam yeni mövzular axtarır, eskiz və etüdlərini yaradıb, daha sonra emalatxanada onların üzərində işləyib mükəmməl hala gətirirdi. O dövrdə dövlət sifarişi ilə işləyən rəssamlar əmək mövzusuna tez-tez müraciət edirdilər. D.Kazımovun “Xəzərin dərinliklərində”, “Sağıcılar”, “Yollar”, “Mahnı”, “Rəfiqələr”, “Quyu kənarında” və s. tablolarında insan əməyi, insan əli ilə dəyişdirilmiş təbiətin özünəməxsusluğu, gözəlliyi əks olunur. Bu işlər sərt üslubda işlənilsə də, lirik təsvir elementləri də qalmaqda idi. Bunu rəssamın həm kompozisiyalarında, həm mənzərələrində görə bilərik.
   Rəssam qrafik kimi də çalışıb, əsasən kitab illüstrasiyaları çəkib. Sənətkarın C.Məmmədquluzadə, C.Cabbarlı və M.A.Möcüzün əsərlərinə çəkdiyi illüstrasiyaları xüsusilə qeyd etmək olar.
   Son illərdə rəssamın yaradıcılığında portret, kompozisiya və natürmort və mənzərələr artıq önəmli yer tutur. Portretlərində klassik üslubun elementləri bariz görünür. Rəssamın son illər yaratdığı əsərlərdən biri də “Qız” portretidir (2004-cü il). Əsərdə təsvir olunan kiçikyaşlı qız rəssamın nəvəsidir. Davud müəllim səmimilik, məsumluq və təravəti bu portretdə əks etdirib. Bundan əlavə, “Pambıq yığan qadınlar”, “Toy” əsərləri kompozisiya baxımından mükəmməl düşünülüb. Əsərdə pambıq yığımından sonra kölgədə oturmuş, önlərində zənbillər olan, dincələn bir qrup qadın təsvir olunub. Qadınların üzlərindəki xoş təbəssüm, müsbət əhvali-ruhiyyə əsərin koloritliyini daha da artırır.
   Rəssamın indiki əsərləri lirik ruh, nostalji hisslər oyadır. Hər bir rəssam əsərlərində qəlbinin bir hissəsini əlavə edir. Sənətkarın indiki əsərlərini seyr etdikdə adama elə gəlir ki, o gəncliyini, o zaman gördüklərini əks etdirir. Bu yalnız əvvəllər istifadə etdiyi yaxma manerası, üslubu deyil, həm də gəncliyinin təravəti, optimizmi, şuxluğu, ümididir. Rəssamın müstəqilik dövründə yaratdığı “Göygöl”, “Qax”, “Çiçəklənən düzənlik”, “Batabat gölü, “Şahdağ” kimi mənzərələri diqqətəlayiqdir.
   “Göygöl” əsərində təsvir olunan mənzərədə yaşıllıq, səmanın suda əksi, ön planda olan xırda çiçəklər, günəşli hava, suyun üzündə xəfif küləyin yaratdığı dalğalar əsərə baxanı sanki bu əsrarəngiz məkana aparır. Ön plandakı sahilin kiçik hissəsi Göygölün ümumi görünüşünü tamaşaçıya çatdırır. Dağlardakı meşələrin, səmanın suda əksi isə ona firuzəyi rəng verir. Əsasən isti tonlara üstünlük verilən əsərdə gün işığının təsiri ilə daha da xoş təəssürat yaranır.
   Rəssam natürmortlarda daha çox gülləri, meyvələri təsvir etməyə üstünlük verir. Emalatxanasındakı gül natürmortların müxtəlifliyini gördükdə adam valeh olur. Rəssamın natürmortları sanki barelyefləri xatırladır. Gülləri, meyvələri o dərəcədə canlı yaradır ki, əsərə, sadəcə, baxmaq yox, toxunmaq istəyi yaranır. Qabarıq yaxmalarla yaratdığı bu natürmortlar təkrar olunmazdır. “Pion gülləri” əsərində mərkəzdə məcməyidə güllə dolu vaz, sağda saxsı qabda, solda isə adi şüşə qabda güllər təsvir olunub. Meyvələrdən nar və əriyin olması Şərq natürmortuna işarədir. İstifadə olunan ağ, narıncı, yaşıl, yasəmən rəngləri sanki təbiətdə olduğu kimi, tabloda da uyğunlaşdırılıb.
   Xalq rəssamı Davud Kazımov hazırda Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının müəllimidir. Sənətkarın əsərləri R.Mustafayev adına Milli İncəsənət Muzeyində, Milli Azərbaycan Tarixi Muzeyində, həmçinin bir çox xaric ölkələrdə muzey və şəxsi kolleksiyalarda saxlanılır.
   
   Nigar Səmədova,
   sənətşünas