Mayın 17-dən 19-dək Bakıda “Qız qalası” III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, “Qız qalası” Rəsm Qalereyası və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunacaq.
   
   Heydər Əliyev Fondundan bildiriblər ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə Bakıda keçirilən incəsənət festivalında bu il 18 ölkədən tanınmış rəssamlar iştirak edəcəklər. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.
   Builki festivalın fərqləndirici cəhəti Qız qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaq. Bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan qalanın maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaq. Qala səthinin 360 dərəcə görüntülərlə əhatə edilməsi məqsədilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsilə proyeksiyalar salınacaq. Şəhərimizin sakinləri və qonaqları bu rəngarəng görüntüləri mayın 29-dək izləyə biləcəklər.
   Qeyd edək ki, indiyədək “Qız qalası” Beynəlxalq İncəsənət Festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. Festival xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız qalasının dünyada təbliğinə töhfəsini verir. Layihə çərçivəsində hazırlanmış nadir müəllif işləri artıq Fransa və İtaliyada nümayiş etdirilərək ictimaiyyətə təqdim olunub.