Aprelin 30-da “Qalereya 1969” salonunda gənc rəssam Pərvin Həsənovanın fərdi sərgisinin açılışı keçirildi. Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sənətə yeni gələn gənclərin potensialını realizə etmək üçün şəraitin yaradılmasının vacibliyindən danışdı.
Pərvinin əl işlərini hisslərlə yaradılan, ürəkdən gələn rəsmlər adlandırdı. Qeyd olundu ki, müəllifin müxtəlif mövzu və formalara müraciət etməsi gələcəkdə onun professional rəssam kimi formalaşmasına kömək edəcək.
Xalq rəssamı Arif Hüseynov rəssamın işlərinə baxdıqda onun axtarışda olduğunun hiss edildiyini bildirdi. Rəsmlərin hər birində insan qəlbi, ruhu var. Rəssam gənc olmasına baxmayaraq, uğurlu işlər yaradan Pərvin Həsənovaya gələcəkdə böyük sərgi salonlarında yer almağı arzuladı.
Daha sonra sərgiyə baxış keçirildi.
Pərvin Həsənova 1989-cu ildə Bakıda anadan olub. 10 yaşından rəssamlıqla məşğul olur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Respublika və müxtəlif beynəlxalq sərgilərdə iştirak edir. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinin üzvüdür. İlk dəfə fərdi sərgisi ilə sənətsevərlər qarşısına çıxıb.
Sərgiyə təqdim edilən 143 rəsmin əksəriyyətini son bir ildə çəkib. Müxtəlif mövzulara müraciət edən Pərvin üçün dekorativ qrafika janrı daha yaxındır. Köhnə Bakını, yapon mədəniyyətini özündə əks etdirən rəsmlər, həmçinin müxtəlif peyzajlar diqqət çəkir.
Reyhan