Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Respublika dekorativ-tətbiqi sənət festivalı keçirilir.
Mayın 1-də Lənkəran şəhərində festivalın növbəti regional sərgisi açılıb. Sərgidə Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Saatlı, Sabirabad, Şirvan, Neftçala və İmişli rayonlarının sənət ustalarının əl işləri nümayiş etdirilir. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov festivalın qədim sənət növlərinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması məqsədilə keçirildiyini bildirib.
Sərgiyə təqdim olunan nümunələr arasında yerli sənətkarların əl işləri çeşid çoxluğu və rəngarəngliyi ilə seçilib. Sənətkarlığın qədim ənənələrini və müasir elementləri əks etdirən keramika, ağac üstündə oyma, dəmir üstündə döymələr, müxtəlif xalçaçılıq nümunələri - xurcunlar, çuvallar, corablar, digər toxuculuq məmulatları, muncuqlarla işləmələr və s. xüsusi maraq doğurub.
Sərgidə iştirak edən sənətkarlara Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim olunub. Qalib Qasımovun sözlərinə görə, münsiflərin seçimindən sonra ən yaxşı nümunələr Bakıda - yekun sərgidə nümayiş olunacaq.
Xatırladaq ki, dekorativ-tətbiqi sənət festivalının birinci regional sərgisi aprel ayında Gəncə şəhərində keçirilmişdi.