Mayın 1-də Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbi məzunlarının hesabat konserti olub. Məktəbin direktoru, Əməkdar müəllim Neylüfər Kərimova konsertin Mədəniyyət və Turizm Nazirliyinin, Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirildiyini bildirib. Konsertdə klassik və xalq bölmələrinin məzunları il ərzində hazırlanmış yaradıcılıq işlərini təqdim ediblər. Konsertin bədii rəhbəri Xalq artisti Tamilla Şirəliyevadır.
İki hissədən ibarət konsertdə tələbələr L.Minkusun “Paxita”, P.Çaykovskinin “Qu gölü”, Ç.Puninin “Esmeralda”, A.Adanın “Korsar”, Q.Qarayevin “Şərq rəqsi”, Niyazinin “Qaytağı”, F.Əmirovun “Bayram süitası” balet və əsərlərindən nümunələr ifa edərək, xoreoqrafiya sənətinin incəliklərini ustalıqla nümayiş etdiriblər. Əməkdar müəllim Pellumb Aqallıyay, Lyudmila Qutlyanskaya, Əməkdar artist Səbinə Qasımova məzunlara ustad dərsləri keçiblər.