Tacəddin Həsənov: “Ən böyük istəyim əl işlərimin «Azərbaycan zərgərliyi» adı altında dünyada sərgilənməsidir”
Zərgərlik sənəti incəsənətin ən qədim növlərindən biridir. Xüsusilə Şərq ölkələrində bu sənətin zəngin ənənələri var. Azərbaycanda da zinət əşyaları hər zaman dəbdə olub. Azərbaycanlı ustaların incə əl işləri, zərgərlik nümunələri bu gün müxtəlif ölkələrdə muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.
Hazırda zərgərlik məmulatlarının hazırlanması elektron cihazların köməyi ilə aparılsa da, onlar əllə işlənmiş zinət əşyalarını əvəzləyə bilmir. Usta zərgərlərin hazırladığı nümunələr xüsusi zərifliyi, özünəməxsus naxışları ilə seçilir.
Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü Tacəddin Həsənov gənc olsa da, öz sahəsində tanınan zərgərlərdəndir. Bu sənətə uşaqlıqdan marağı olub, zərgərliyin sirlərinə yiyələnməyə başlayıb. Rəngarəng əl işləri ilə bu sənəti inkişaf etdirməyə, qədim naxışlarımızı yaşatmağa çalışır.
- Zərgərlik bizdə nəsildən-nəslə ötürülən sənətdir. Babalarım zərgər olub. Atam Zakir Həsənov isə rəssamdır. Mənim də kiçik yaşlarımdan incəsənətə, naxışlara böyük marağım olub. Əvvəl xalça sənətini, sonra misgərliyi öyrəndim. Sonra da zərgərlik sənətini öyrənməyə başladım. Zərgərliyi qısa müddətə, 2-3 ilə öyrənmək mümkün deyil. Gərək illərlə bu işin içində olasan ki, sənətin sirlərinə yiyələnəsən. Beləliklə, uşaqlıqdan zərgərliyi öyrənə-öyrənə böyümüşəm. Xüsusi müəllimim olmayıb. Amma bilmədiklərimi öyrənmək üçün ustadlara müraciət etmişəm. Həmçinin kitablardan bilmədiyim çox şeyi öyrənmişəm. Zərgərlik, ümumiyyətlə, çox incə və çətin qavranılan bir sənətdir. Amma nədənsə mən heç vaxt çətinlik çəkməmişəm. Yəqin bu, zərgərliyə olan sevgimdən irəli gəlir. Bir də yəqin ki, bu sənətə sevgi və qabiliyyət mənə ata-babalarımdan irsən keçib.
- Yəqin rəssamlığı da bacarırsınız...
- Əlbəttə. Zərgərlik həm də rəssamlıq qabiliyyəti tələb edən sənətdir. Rəssamlığı bacarmadığın halda yaxşı zərgər olsan belə, müəyyən zamanlarda işin uyuşmadığını görəcəksən. Zərgərliklə rəssamlığı bir arada yaxşı bilirsənsə, artıq sənətin fəlsəfəsini düşünməyə başlayırsan. Əsərlərimin ideyasını özüm fikirləşib tapıram. Bir işə başlamazdan əvvəl onu vərəqdə çəkir və atama göstərirəm. O, qiymətləndirir, qüsurları göstərir. Tutaq ki, deyir, bu ornament işə uyğun deyil. Qədim dövrlə müasir dövrün naxışını yanaşı işləmək olmaz. Bu baxımdan atamdan çox şey öyrənirəm.
- Qiymətli metal və daşların tərkibi haqqında nələri bilmək lazımdır?
- Hər bir professional zərgər baxan kimi qızılın tərkibini gözü ilə ölçüb-biçir. Qızılın tərkibində misin çox olduğunu görmək olur. Onun yoxlanması üçün başqa vasitələr də var. Bədənində turşuluq çox olan insanlarda qızıl, gümüş qaralır. Gümüş insanda müəyyən xəstəliklər olanda da qaralır. Sanki insanın bədənində olan ağrıları hiss edir. Tarixdən də bilirsiniz ki, qədim dövrlərdə şahların qab-qaçağı gümüşdən olurdu. Mən özüm evdə bütün gümüşlərimi su saxladığımız qabın içinə atmışam. Gümüş suyun tərkibindəki bütün ziyanlı maddələri öldürür.
- Əl işlərinizə baxarkən görürük ki, qədim naxışlara üstünlük verirsiniz...
- Hazırda Azərbaycana xaricdən o qədər qızıl-gümüş, bəzək əşyaları daxil olur ki, milli naxışlar əks olunmuş zərgərlik nümunələri yox dərəcəsindədir. Xaricdən gətirilən məmulatlar daha ucuz olduğundan insanlar həmin əşyaları almağa üstünlük verirlər. Düşünürlər ki, sərf etdikləri pul büdcəsini artırır, istənilən zaman qızılı pula çevirə bilər. Amma Azərbaycanda istehsal olunan zərgərlik məmulatına bir az artıq pul sərf etməklə ikiqat mənfəət əldə edə bilərlər. Bizdə dədə-babadan qalma çox qədim əşyalar var. Mən nə qədər çalışsam da, həmin əşyalar kimi nümunələr hazırlaya bilmirəm. Müasir texnologiyaların olduğu bir dövrdə mən bunu edə bilmirəmsə, qədim vaxtlarda insanlar belə işləri necə hazırlayırdılar? Dədə-babadan qalma yəhərimiz də var. Yəhərin üstü işləmə naxışlarla doludur. Onlar bunu necə ediblər? Elə bunun qiyməti də ondadır ki, texnika olmayan bir dövrdə insan əli möcüzələr yaradıb. Mən də milli naxışlarla zərgərlik nümunələri işləməyə üstünlük verirəm.
- Zərgərlikdə milli üslub və naxışları yaşatmağa çalışırsınız. İnsanlar bu işləri layiqincə qiymətləndirir?
- Yaşlı, bu işdən başı çıxan, nəsil-kökündə zərgər olanlar qiymətləndirir. Gənclər buna az diqqət verir. Bəlkə mən də zərgər olmasaydım bu qədər milli işlərə maraq göstərməzdim. Amma ümumi götürəndə insanlar dəyərli işlərə o qədər də qiymət vermirlər. Əl əməyi başqadır. Bir üzüyə çoxlu vaxt və əmək sərf edirsən. Müasir dövrdə çoxları bahalı və “brend” markalara üstünlük verirlər. Sadəcə, “brend” olduğuna görə həmin malı almaq nə dərəcədə düzgündür? Təəssüf ki, çoxları keyfiyyətə deyil, bahalı olana qiymət verirlər. Mənim əsərlərimə də münasibət eynən belədir. İşlərə baxan kimi deyirlər ki, ən bahalı hansıdır? Ən bahalısını göstərəndə də deyirlər ki, niyə ən böyüyü baha deyil? Başa düşmürlər ki, zərgərlikdə iş nə qədər incə işlənibsə, o qədər də qiymətli olur.
- Əl işləriniz sərgilərdə tez-tez nümayiş olunur?
- İlk dəfə 8 yaşım olanda sərgidə iştirak etmişəm. Xalça, misgərlik sahəsində hazırladığım işlərim nümayiş olunub. Son 5-6 ildir ki, yalnız zərgərlik işlərimlə sərgilərə qatılıram. Daha çox qaval, zurna, tar üzərində işlərimi təqdim edirəm. İsveçrədə keçirilən sərgidə də iştirak etmişəm. Mədəniyyət və Turizm Nazirliyinin bir sıra sərgilərinin iştirakçısı olmuşam. Xalq sənətkarlığı ilə bağlı sərgidə işim birinci yeri qazanıb. Həmin sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi və əsərimi görən kimi müəllifin kim olduğunu soruşdu. Sonra da işlərimin Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün alınmasını tövsiyə etdi. «Yüksəliş» adlı işimi Heydər Əliyev Fonduna hədiyyə etmişəm. Elə nümunələr var ki, üzərində 8 ay, bir il işləmişəm. Belə işlərimi yalnız sərgidə nümayiş etdirirəm. Amma qiymətləndirə bilən insan görəndə əsərimi ona satıram. Əsas odur ki, yaratdığım əsərin dəyərini anlasın, onu qorusun. Bilim ki, onu milli zərgərlik işi kimi həmişə saxlayacaq. Bir dəfə Türkiyədə olarkən bir nəfər balabana görə mənə 6 min dollar pul təklif etdi. Lakin işimin satış üçün olmadığını bildirdim. Sonradan onun erməni olduğunu öyrəndim. Bütün işlərimin üstündə «Azərbaycan. Gəncə» yazıram. Həmin şəxs də bunu oxuyub çox təkid etmədi.
- Hazırda hansı planlarınızı həyata keçirmək istəyirsiniz?
- Ən böyük istəyim işlərimin «Azərbaycan zərgərliyi» adı altında dünyada sərgilənməsidir. Fərdi sərgilərimi açıb mədəniyyətimizi təmsil etməyi arzulayıram. Hazırda tar üzərində işləyirəm. Daha bir işim yəhər nümunəsidir. Kamança üzərində də işləyirəm. Bütün bunlarla yanaşı milli zərgərlik sənətimizə aid kitab hazırlamaq fikrim var. Kitabda işlərin hazırlanma texnologiyasını və öz əlavələrimi yazacağam. Bizdə belə kitablara həqiqətən ehtiyac var. Bu kitabda Azərbaycan zərgərliyində nə varsa, hamısını qeyd edəcəyəm.
Gülər Nizamiqızı