Mayın 15-də Muzey Mərkəzində Azərbaycan rəssamlarının “İmpuls” adlı qobelen sərgisinin açılışı oldu.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, sərginin keçirilməsində əsas məqsəd geniş ictimaiyyəti dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığı ilə yaxından tanış etmək, qobelen sənətinin təbliği, bu sahədə yaradıcılıq axtarışlarının stimullaşdırılması, unikal sənətin yaşadılması və inkişaf etdirilməsi üçün zəmin yaratmaqdır: “Düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı və Dövlət Rəssamlıq Akademiyası ilə birgə təşkil etdiyi sərgi uğurlu alınıb. Sərgidən öncə nümayiş olunan əsərlərlə tanış oldum və qürur duydum. Sənətkarlarımız sərgiyə çox gözəl işlər təqdim ediblər. Şadam ki, Avropada çox dəbdə olan bu sənət növü Azərbaycanda da yüksək səviyyədə də inkişaf edib”.
   Nazir müavini vurğuladı ki, xarici ölkələrdə keçirilən mədəniyyət günlərində qobelen sərgiləri də təşkil olunacaq: “Biz xarici ölkələrdə keçirilən tədbirlərdə, Azərbaycan mədəniyyəti günlərində əsasən təsviri sənət nümunələrini nümayiş etdiririk. Düşünürəm ki, bu tədbirlərdə qobelenlə məşğul olan sənətkarlarımızın əl işlərindən ibarət sərgiləri də böyük fəxrlə təqdim edə, rəssamlarımızı bütün dünyada tanıda bilərik. Qobelen nümunələrinin əks olunduğu kataloqun nəşri də sənətkarlarımızın geniş ictimaiyyətə tanıdılmasına xidmət edir”.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihələrdən danışdı, nazirlik tərəfindən dekorativ-tətbiqi sənət növlərinin inkişafına xüsusi diqqət yetirildiyini bildirdi.
   Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev çıxışında vurğuladı ki, Azərbaycan rəssamlarının qobelen əsərləri müxtəlif sərgilərdə nümayiş olunsa da, Bakıda belə genişmiqyaslı qobelen sərgisi ilk dəfə keçirilir. Sərgidə Rəssamlıq Akademiyasının tələbələrinin də yüksək zövqlə hazırlanmış əl işləri nümayiş olunur.
   Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət kafedrasının professoru, qobelen ustası Ədhəm Yusifov sərginin keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Qeyd olundu ki, belə sərgilərin təşkili gənc rəssamlarda qobelen sənətinə həvəsi daha da artırır, onların geniş ictimaiyyətə yaxından tanıdılmasına şərait yaradır.
   Qeyd edək ki, sərgidə 80-dək müəllifin 100-dən çox əsəri nümayiş olunur. Qobelenlər Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, Dövlət Rəsm Qalereyasının, Dövlət Rəssamlıq Akademiyasının fondlarından və rəssamların şəxsi kolleksiyalarından götürülüb. Sərgi mayın 22-dək davam edəcək.
   
   Ceyhun Zərbəliyev