Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq incəsənət festivalı keçirilir
   
   Mayın 17-də İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız qalası” III Beynəlxalq incəsənət festivalının açılış mərasimi olub. Festival Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir.
   
   Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə keçirilən incəsənət festivalında bu il 24 ölkədən tanınmış rəssamlar iştirak edirlər. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar. O, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
   Qeyd olunub ki, əvvəlki illərdən fərqli olaraq budəfəki festivalda ilk dəfə olaraq İDEA ekoloji kampaniyası çərçivəsində ceyran maketləri hazırlanacaq. Məqsəd nəsli kəsilməkdə olan bu təbiət varlıqlarının qorunması məsələsinə diqqəti cəlb etməkdir. Builki festivalın digər fərqləndirici cəhəti isə Qız qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaq.
   Festivalın bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaq. Bu zaman müasir post-prodakşn videotexnologiyalarından istifadə olunacaq. Bakı sakinləri və qonaqlar bu rəngarəng görüntüləri mayın 29-dək izləyə biləcəklər.
   Festival iştirakçılarını salamlayan SSRİ Xalq rəssamı Tahir Salahov, Müasir İncəsənət Muzeyinin rəhbəri Ceyhun Ağakişibəyli və “Qız qalası” İncəsənət Qalereyasının müdiri Emin Məmmədov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizə və incəsənətimizə göstərdiyi qayğı və diqqəti xüsusi qeyd ediblər. Bildirilib ki, hər il festival əhatə dairəsini genişləndirərək mədəniyyətlərarası dialoqu möhkəmləndirir.
   Sonra Qız qalasının qarşısındakı meydanda ceyran maketlərinin hazırlanması və bəzədilməsinə başlanıb.
   İndiyədək “Qız qalası” Beynəlxalq incəsənət festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. Latviyalı rəssam Marius Abramaviçius artıq üçüncü dəfədir bu festivalda iştirak etdiyini bildirərək, bu sənət bayramına qatılmaqdan zövq aldığını deyib. İlk dəfə Bakıya səfər edən braziliyalı rəssam xanım Silvia Poloto isə indiyədək Azərbaycanda olmamasını təəssüf hissi ilə qeyd edib: “Bundan sonra tez-tez Bakıya gəlməyə çalışacağam”.
   Festivala mayın 19-da yekun vurulacaq.