Mayın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qalereya 1969” salonunda gənc rəssamların əsərlərindən ibarət “Gənclik-gələcək” adlı sərgi açıldı.
   
   Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov bildirdi ki, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın gənc rəssam və heykəltəraşlarının əsərlərinin geniş tamaşaçı auditoriyasına nümayiş etdirilməsi, onların yaradıcılığının stimullaşdırılması və təbliğinə nail olmaqdır: “Mədəniyyət və Turizm Nazirliyi həmişə gənc rəssamların yaradıcı potensialının üzə çıxarılmasına, onların geniş ictimaiyyətə tanıdılmasına diqqət və qayğı ilə yanaşır. Bununla bağlı nazirlik tərəfindən müxtəlif layihələr həyata keçirilir, sərgilər təşkil olunur. Belə sərgilər imkan verir ki, gənclər öz imkanlarını təqdim etsinlər. “Gənclik-gələcək” sərgisində də maraqlı əsərlər nümayiş olunur. İnanırıq ki, bu əsərlərin müəllifləri gələcəkdə tanınmış sənətkarlar olacaqlar”.
   Sektor müdiri qeyd etdi ki, “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edən Bakıya yüzlərlə turist gəlib. Bu sərgi də şəhərimizin qonaqlarına gənc rəssamlarımızın əsərləri ilə tanış olmaq imkanı yaradır.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihələrdən danışaraq davamlı olaraq təşkil edilən belə rəngarəng sərgilərin əhəmiyyətini vurğuladı.
   Sərgidə 60 gənc rəssamın 100-dən artıq rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı əsərləri nümayiş etdirilir. Sərgi may ayının 30-dək davam edəcək.
   
   Ceyhun