Şərif Şərifov: “Gəncənin tarixi tam təfsilatı ilə qala divarlarında yazılacaq”
Tanınmış heykəltəraş, Əməkdar rəssam Şərif Şərifov bu ilin aprel ayında Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü seçilib. Həmyerlimiz uğuru barədə belə deyir: “Bu təkcə mənə deyil, Azərbaycanın bütün heykəltəraşlarına və rəssamlarına verilən qiymətdir”.
Ömrünün 40 ildən çoxunu incəsənətin heykəltəraşlıq, rəssamlıq və xalçaçılıq sahələrinə həsr edən, bir çox monumental və iri heykəltəraşlıq abidələri ilə sənətdə öz sözünü deyən Şərif Şərifov 15 ilə yaxındır ki, Gəncə şəhərinin baş rəssamı vəzifəsində çalışır. Hazırda “Gəncəyə giriş” və dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında “Xəmsə” arxitektura kompleksinin yaradılması üzərində işləyir. Artıq inşasına başlanılan bu möhtəşəm kompleks Gəncə memarlığında yeni səhifə olacaq.
Sənətkarın ilk imtahanı
Şərif Şərifov 1966-cı ildə Stroqanov adına Moskva Ali Bədii-Sənaye İnstitutuna daxil olub və 1971-ci ildə ali təhsilini başa vuraraq Gəncə rəssamlıq fondunda əmək fəaliyyətinə başlayıb. Elə həmin il SSRİ Rəssamlar İttifaqına üzv seçilib.
Heykəltəraş kimi ilk işi Gəncədə Nəriman Nərimanovun abidəsi olur. “Mənim müasirlərim” silsiləsindən hazırladığı abidə yüksək sənətkarlıq nümunəsi sayılaraq müəllifə uğur gətirir. Bu abidəyə görə Şərif Şərifov 1980-ci ildə dövrün ən nüfuzlu mükafatlarından olan Lenin komsomolu mükafatına layiq görülür. Gənc heykəltəraşın ilk uğurlu işləri sırasında “Əlillər” kompozisiyasının da öz yeri var. Bu barədə belə deyir: “Dörd ilə başa gələn bu kompozisiya açıq səma altında mənim sərbəst sənətkar kimi ilk imtahanım idi”.
İllər keçəcəkdi, istedadlı heykəltəraş hər yeni sənət əsərini yaradarkən sənət, sənətkarlar və insanlar qarşısında yeni imtahan verəcəkdi. Paytaxtdan uzaqda yaşasa da, istedadlı heykəltəraş Bakıda, Moskvada, beynəlxalq sərgilərdə fəal iştirak edəcəkdi:
- Moskvada təhsil alandan sonra Gəncəyə qayıtdım. Yaradıcı insanın mütləq gərək mədəniyyət mərkəzləri ilə əlaqəsi olsun. Rəssamlıq, heykəltəraşlıq, ümumiyyətlə, sənət axtarış tələb edir. Bilməlisən ki, bu gün dünya mədəniyyətində nələr baş verir. Bu mənada günün axtarışları ilə mütəmadi əlaqə saxlamalısan. Həm dəstədən geri qalmamaq, həm də müasir yaradıcılıq prosesindən xəbərdar olmaq üçün. Dünyanın hər yerində incəsənət belə formalaşır. O vaxt ki, sənət öz çərçivəsindən çıxır, öz sərhədlərini aşır, keyfiyyəti, axtarışları, harmoniyası ilə hər kəsi heyrətləndirir, o zaman ümumiləşir, bəşəri olur, dünya miqyaslı sənət əsərinə çevrilir. Rəssam sənəti qarşısında daima imtahan verir. Yaradıcılıq rəssamın laboratoriyasının süzgəcindən keçir. Harada yaşamağından asılı olmayaraq rəssam, heykəltəraş bu prosesləri yaşayır. Bu mənada paytaxtda yaşamağın, sözsüz ki, öz üstünlükləri var. Yaradıcı insanlarla - həmkarlarınla, dostlarınla mütəmadi söhbət etməyə ehtiyac duyursan. Ancaq paytaxtdan uzaqda yaşamağın da üstün cəhətləri var. Təbiətə daha yaxın olursan. Onda yaratmaq daha asan olur. Təbiətə yaxın olduğun kimi, özün-özünə də daha yaxın olursan. Bu aləmdə yolu, cığırı da özün tapırsan.
Aran memarlıq məktəbinin mərkəzi sayılan Gəncədə yaşayıb yaradan sənətkar bu qədim məktəbin ənənələrini də davam etdirir.
“Şərq bir xəzinədir”
- Müsəlman dünyasında heykəltəraşlıq o qədər geniş yayılmasa da, qədim şumerlərdə, Misirdə, Yunanıstanda, Romada, Fransada bu sənətin zəngin tarixi var. Sənət bəşəri bir məfhumdur. Ancaq öz sərhədləri hüdudunda bu məsələni həll eləmək çətin olur. Bu məktəblər illərlə yox, yüz illərlə formalaşır. Misir-Yunan sənəti min illərlə formalaşıb və tarixin bir dövründə öz bəhrəsini verib. Sənət belədir, min rəssam, min müəllif çalışır, bir nəfər onun bəhrəsini görür, o məktəbin çiçəklərini dərir. Leonardo da Vinçi, Rafael Santi, Mikelancelo Buonarotti sənət tarixində yüz illərin, min illərin bəhrələridir. Ona görə də sənətə qədəm qoyan adam ilk növbədə formalaşmış bu məktəbləri öyrənməlidir. Klassika professional üçün bir əlifbadır. Onu öyrənəndən sonra artıq sən püxtələşmiş mütəxəssis kimi öz cığırını açırsan, xalqın ənənəsini öz baxışınla, onun sevdiyi formada ifadə edə bilirsən.
Mən də, təbii ki, əvvəlcə Gəncə memarlıq məktəbinin keçdiyi yola nəzər saldım. Bu, zəngin ənənəsi olan bir məktəbdir. Onun köklərində qədim alban memarlıq sənəti, skif mədəniyyətinin izləri var. Bir çox ölkələr bu mədəniyyətləri özününküləşdirmək istəyir. Ancaq bu mədəniyyət Azərbaycan xalqına daha yaxın, daha doğma bir mədəniyyətdir. Min illərin sənət əsərlərinə söykənərək böyük əsərlər yaratmaq mümkündür. Məkan memarlığında, məkan arxitekturasında biz, yəqin ki, hələ öz sözümüzü deyəcəyik.
- Yaradıcılığınızda iri formalı sənət əsərləri daha geniş yer tutur...
- Kiçik formalı əsərlərim də var. Kiçik formanın öz ləzzəti, öz duzu var. Bu formada əhvali-ruhiyyəni anındaca ifa edə bilirsən. Kiçik forma həm də sevilən formadır. Mən bu formada xalqımızın adət və ənənələrindən bəhs edən “Azərbaycan ənənələri” silsiləsini hazırlamışdım.
Böyük işlər isə ümumiləşdirilmiş işlərdir. Yaradıcı insan burda öz istəyini yox, milyonlarla insanın istəyini, arzusunu ümumiləşdirməlidir. Böyük şəhərlərdə, böyük meydanlarda dövlətin hər hansı bir atributunu əks etdirərkən yüz minlərlə insanın tamaşa edəcəyi o atributu elə təqdim etməlisən ki, hamı onu sevsin, qəbul etsin.
Şərif Şərifov həm də Türkiyənin Qars şəhərində salınan park kompleksinin müəllifidir. O günlərin xatirələri bitib-tükənmir...
- 2001-ci ildə Gəncə ilə Qars şəhərləri qardaşlaşdı. O zaman Qarsda park salmaq üçün məni dəvət etdilər. Parkın tərtibatını verdim və orada “Leyli və Məcnun”, “Kənd dülgəri”, “Həmyerlilərimiz” adlı üç heykəl hazırladım. Ümummilli lider Heydər Əliyev parkın açılışında iştirak etdi. Bu hadisə ilə bağlı yaxşı xatirələrim var. O vaxt mən Atatürk mavzoleyi üçün xalça hazırlamışdım. Xalça Heydər Əliyevin xoşuna gəlmişdi, sonra bir neçə nüsxəsini də toxuduq. Həmin xalçalardan birini Süleyman Dəmirəl Universitetinə (Türkiyə, İsparta şəhəri - red.) bağışladıq.
“Gəncəyə giriş”
Şərif Şərifov layihə rəhbəri olduğu “Gəncəyə giriş” və “Xəmsə” arxitektura kompleksləri barədə də danışdı:
- Gəncə qədim şəhərdir. Hələ orta əsrlərdə Gəncə sivilizasiya mərkəzi olub və Aran memarlıq sənətinə uyğun olaraq bu şəhərdə kərpic memarlıq sənəti üstünlük təşkil edib. Hazırda Gəncənin Bakı istiqamətində girəcəyində böyük bir kompleks salınır. Kompleks 4 kv. km-ə yaxın bir sahədə salınır. Qalanın sağ-sol tərəflərinin hər biri 47 metr hündürlükdə olacaq, qala divarlarının uzunluğu isə 50 metrə yaxındır.
Qala divarlarında qədim şəhərin müdafiəsi ilə bağlı salnamələr əks olunacaq. Belə demək mümkünsə, Gəncənin döyüş və müdafiə tarixi tam təfsilatı ilə qala divarlarında yazılacaq. Gəncənin monqol-tatarlardan qorunmasından başlayaraq sonralar Cavad xanın Gəncəni qoruması, Nuru Paşanın Gəncənin müdafiəsində yaxından iştirakı və 1994-cü ildə qardaş qırğınının qarşısını almaq üçün Heydər Əliyevin Gəncəyə gəlişi öz əksini tapacaq. Mən deyərdim ki, o dövrdə Azərbaycanın bütövlüyü Heydər Əliyevin Gəncəyə gəlişindən başladı. Bir-birinə silah qaldırmış insanlar onun şəxsiyyətinə baxaraq silahı yerə qoydu. Bu, Gəncə üçün çox böyük bir tarixdir və bu tarix mütləq sənətdə öz əksini tapmalıdır.
Artıq bir ildən artıqdır ki, kompleksin inşasına başlanılıb. “Gəncəyə giriş”dən sonra Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunmuş kompleks salınacaq. “Xəmsə”dəki beş əsər təbiət landşaftına uyğun olaraq - qaya, dağ, şəlalə atributlarından istifadə olunaraq hazırlanacaq. Hər əsər bir rəngdə təqdim olunacaq. “Sirlər xəzinəsi” qara, “Leyli və Məcnun” ağ, “Xosrov və Şirin” qızılı, “İsgəndərnamə” qırmızı, “Yeddi gözəl” firuzə rəngində olacaq. “Xəmsə”yə uyğun olaraq kompozisiyada beş fəvvarə də yer alacaq.
Şəhərə Bakı tərəfdən girişdə Nizami mavzoleyini də əhatə edəcək böyük park zolağı salınacaq. Beləliklə, Nizaminin mavzoleyi artıq Gəncənin xaricində yox, daxilində olacaq.
Hər şəhərin öz rəngi olmalıdır
- Bu, aktual mövzudur. Azərbaycanın şəhərlərində aktual rəng mövqeyi yoxdur. Şəhərlərdə rəng elementləri birbaşa iştirak etməlidir. Yəni şəhər yalnız daşdan, yaşıl landşaftdan və boz rəngdən ibarət olmamalıdır. Müxtəlif rənglərdən istifadə edilməlidir. Onda şəhər daha gözəl, daha doğma olar. Bu gün şəhərin məkanlarını insanlar üçün doğmalaşdırmaq çox vacibdir. Park insanların əhvali-ruhiyyəsini əks etdirən bir guşədir. Bu sənin doğma şəhərin, doğma parkındır.
Şərqdə ən çox işlənilən rəng, sözsüz ki, firuzə rəngidir. Bu rəng göyləri özündə əks etdirir. İstər qaranlıqda, istər buludlu, istər açıq havada bu rəng çox gözəl görünür.
Rəngi düzgün harmoniyada, düzgün formalarda verəndə, o rəngi milyonlarla insanlara sevdirmək mümkün olur. Mən Gəncəni firuzə rəngində görmək istərdim. Eləcə də hər şəhərimizin öz rəngi olmalıdır.
Bu ilin aprel ayında Şərif Şərifov uzun illər səmərəli fəaliyyətinə və müasir incəsənətin inkişafına verdiyi töhfəsinə görə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti tərəfindən Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü seçilib.
Akademiyanın prezidenti Zurab Sereteli Azərbaycan heykəltəraşına Fəxri üzv diplomunu, medal və mantiyasını təqdim edib.
- Rusiya Rəssamlıq Akademiyasına Fəxri üzv seçilməyim yaradıcılıq taleyimdə mühüm hadisədir. Bu qərarı qəbul edib dəstəkləyənlərə bir daha təşəkkür edirəm, bu təkcə mənə deyil, Azərbaycanın bütün heykəltəraşlarına və rəssamlarına verilən qiymətdir.
Təranə Vahid