“Bu işlər mənə mənəvi zövq verdiyindən özümü çox rahat hiss edirəm”
   
   “Hophopnamə”nin tarixinə qısa nəzər:
   
   ...Mirzə Ələkbər Sabirin ölümündən bir il sonra, 1912-ci ildə həyat yoldaşı Büllurnisə xanım, dostları A.Səhhət və M.Mahmudbəyovun səyi ilə şairin şeirləri "Hophopnamə" adı ilə ilk dəfə çap olunur. Oxucular kitabı hərarətlə qarşılayır. İki il sonra, 1914-cü ildə xalqın ianəsi ilə, "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri işıq üzü görür. Azərbaycanda karikatura janrının banilərindən biri, görkəmli rəssam Əzim Əzimzadənin çəkdiyi illüstrasiyalar "Hophopnamə"ni bəzəyir və böyük marağa səbəb olur.
   Sovet hakimiyyəti illərində Sabir irsinə maraq xüsusilə artır, "Hophopnamə" böyük tirajla 1922, 1934, 1948, 1954, 1962, 1979, 1980-ci illərdə çap olunur. Prezident İlham Əliyevin 12 iyun 2004-cü il tarixli sərəncamı ilə kitab latın qrafikası ilə çap olunub ölkənin kitabxanalarına hədiyyə edilir. “Hophopnamə” həm də ayrı-ayrı rəssamların fərqli illüstrasiyaları ilə tarixə düşüb.
   Belə sənətkarlardan biri də Xalq rəssamı Arif Hüseynovdur. Sənətşünasların fikrincə, A.Hüseynov Azərbaycan kitab qrafikası sənəti sahəsində Sabir yaradıcılığına özünəməxsus münasibətilə seçilir.
   
   İyunun 5-də Muzey Mərkəzində Bakı Xətai Sənət Mərkəzinin bədii rəhbəri, Xalq rəssamı Arif Hüseynovun Mirzə Ələkbər Sabirin “Hophopnamə"sinə çəkdiyi qrafik əsərlərdən ibarət sərginin açılışı olacaq.
   
   - Arif müəllim, necə oldu ki, Sabir yaradıcılığına müraciət etdiniz?
   - Mən Xalq rəssamı Mikayıl Abdullayevin tələbəsi olmuşam. Bir gün o məni yanına çağırıb dedi ki, “Yazıçı” nəşriyyatından xahiş ediblər, gərək Sabir yaradıcılığına dair illüstrasiyalar çəkəsən. Doğrusu, bir az çəkindim. Axı mən karikatura janrında çəkmirdim. Bunu müəllimimə də dedim. O da bildirdi ki, sənin işlərini görüblər, istəyirlər Sabir yaradıcılığına yeni üslubda yanaşasan. O vaxta qədər Rəsul Rzanın, Petrarkanın, Dantenin kitablarına illüstrasiyalar çəkmişdim. Nəşriyyata getdim, o zaman nəşriyyatın direktoru Əjdər Xanbabayev, baş redaktoru Əliağa Kürçaylı idi. Sabirin yaradıcılığını çox sevdiyimi, oxuduğumu söylədim, ancaq müəllimimə söylədiyimi onlara da dedim. Təkid etdilər, belə olanda öz bildiyim kimi çəkəcəyimi söylədim. Razılaşdılar. Mən bilirdim ki, Servantesin “Don Kixot”una Pikasso kimi fərqli üslubda işləyən rəssam illüstrasiyalar çəkib. Bu o deməkdir ki, hər dövrün rəssamları klassikanı o cür oxuyur, o cür qəbul edir, o cür yanaşır. Eskizlər hazır olanda nəşriyyata apardım, dedilər biz elə bunu istəyirdik. Beləliklə, 1981-ci ildə “Hophopnamə” mənim 12 illüstrasiyamla çap olundu.
   Düzdür, o zaman bu illüstrasiyalar birmənalı qarşılanmadı. Çünki uzun illər, neçə-neçə nəsil “Hophopnamə”ni Əzim Əzimzadənin, Nəcəfqulunun illüstrasiyalarında oxuyub o cür də qəbul etmişdi. Ondan sonra neçə-neçə rəssam da Əzimzadə məktəbindən bəhrələnib Sabir yaradıcılığına o cür münasibət göstərmişdi. Ona görə də mənim fərqli yanaşmam əvvəlcə birmənalı qarşılanmasa da, vaxt keçdikcə qəbul olundu. Sovet hökuməti dağılandan sonra Sabir yaradıcılığına yenidən müraciət etmək istəyi içimdə baş qaldırdı. Hiss edirdim ki, Sabiri bütöv “oxuya” bilməmişəm. İki il bundan əvvəl - 2010-cu ildə cənab Prezident Sabirin 150 illik yubileyinin keçirilməsi barədə sərəncam imzaladı. Bu sərəncam təkan verdi ki, çoxdankı arzumu reallaşdırım. 1980-ci ildə çəkdiyim 12 illüstrasiyanı yenidən işlədim. O vaxt yaşım, təcrübəm az idi, bu dəfə Sabir yaradıcılığına püxtələşmiş şəkildə müraciət elədim, onun yeni qatlarını açdım və əlavə xeyli illüstrasiya çəkdim.
   


   Klassika sərhədsizdir
   
   - Maraqlıdır, 30 ildən sonra təkrar Sabir yaradıcılığına müraciət edərkən yeni nələri kəşf etdiniz?
   - Mən sənətdə onun tərəfdarıyam ki, hər bir yaradıcı nəsil klassikaya özünəməxsus tərzdə yanaşsın. Klassika sərhədsizdir. Kim ona necə yanaşır, bax, bu, istedaddan asılıdır. Onu da qeyd edim ki, 1980-ci ildə “Hophopnamə” gözəl rəssamımız, mərhum Elçin Məmmədovun illüstrasiyaları ilə də çap olunmuşdu. O da Sabir yaradıcılığına Əzimzadə məktəbinin davamçısı kimi yanaşmışdı.
   O ki qaldı Sabirdə yeni nələri kəşf etməyimə, Sabir çoxqatlı şairdir. O, şeirlərində xalqın elə ağrılarını, elə dərdlərini, elə kədərini göstərib ki, bu yükü ancaq Sabir kimi nəhənglər nəzmə çəkə bilərdi. Mən də o ağrıları böyütmüşəm ki, insanlar onları daha aydın görə bilsinlər. Bir də ki mən şairin ayrı-ayrı şeirlərindən çox, onun öz dünyasını əks etdirməyə çalışmışam.
   - Şairin yubileyi günlərində fərdi sərginizin keçiriləcəyi də gözlənilir...
   - İyunun 5-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər sırasında fərdi sərgimin açılması nəzərdə tutulub. Sərgidə “Hophopnamə” kitabına çəkdiyim 40-a yaxın illüstrasiya nümayiş olunacaq. Hesab edirəm ki, bu, mənim yaradıcılığımda ən böyük və ürəklə işlədiyim işlərdəndir. Bu işlər mənə mənəvi zövq verdiyindən özümü çox rahat hiss edirəm və deyirəm ki, nə yaxşı mən bu əsərləri çəkdim. Sərgidə nümayiş olunan işlər böyük ölçüdə olacaq. Eyni zamanda həmkarım, müasir karikatura ustası, Əməkdar incəsənət xadimi Bayram Hacızadəni də bu sərgiyə dəvət eləmişəm. O da Əzim Əzimzadə məktəbini layiqincə davam etdirən rəssamlardan biridir. İstədik ki, bu sərgidə hər iki üslubda işlər nümayiş olunsun. Qeyd edim ki, “Hophopnamə” kitabı yaxın günlərdə çap olundu. Buraya mənim illüstrasiyalarımla yanaşı, Sabir yaradıcılığına müxtəlif zamanlarda müraciət edən O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadənin 10-a yaxın əsəri də daxil edilib. Bu, yaradıcılıq körpülərinin birləşməsi deməkdir.
   
   Təranə Vahid