İyunun 1-də Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi açılıb.
   
   Sərgidə məişət tullantılarından hazırlanmış müxtəlif sənət nümunələri tədbir iştirakçılarına nümayiş etdirilib.
   Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev, “Təmiz şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov sərginin əhəmiyyətini qeyd ediblər. Qeyd olunub ki, tullantı kimi atılan əşyaların heç də hamısı lazımsız deyil. Biz ətraf mühitin qorunmasına daha çox diqqət göstərməliyik.
   Sərgidə Azərbaycan, Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus və digər ölkələrdən 20 sənətkarın kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, maşın şüşələri, şüşə qablar, metal və digər tullantı materiallarından hazırladıqları əl işləri maraqla qarşılanıb. Sərgi iyunun 10-dək ictimaiyyətə açıq olacaq.