Uşaq yaradıcılıq müsabiqəsinə yekun vuruldu
   
   1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbirlər sırasında Muzey Mərkəzinin binasında keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisi də maraqlı görüntülərlə yadda qaldı.
   
   Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 1 fevral - 1 may 2012-ci il tarixlərində keçirilən II ümumrespublika müsabiqəsinin məqsədi uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hallar probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, həmçinin istedadlı uşaqların üzə çıxarılmasıdır.
   Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Qulu Novruzov, rəssamlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
   Qeyd olundu ki, respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil müəssisələrinin iştirak etdiyi müsabiqəyə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə işlər qəbul olunub. Müsabiqənin təşkilat komitəsinə 355 rəsm, 218 plakat, 146 əl işi, 117 model, 82 yumşaq oyuncaq təqdim edilib. İşlər Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Təhsil Nazirliyi və Dövlət Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər tərəfindən qiymətləndirilib. İştirakçılardan 20 nəfəri I yerə, 23 nəfəri II yerə, 27 nəfəri III yerə, 12 nəfəri isə həvəsləndirici mükafata layiq görülüblər.
   Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr, həmçinin həvəsləndirici mükafatlar təqdim olundu. Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.    

   L.Azəri