İyunun 12-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda azərbaycanlı və misirli uşaq və yeniyetmələrin rəsm əsərlərindən ibarət “Dürrə ağacı” adlı sərgi açılıb.
   
   Azərbaycan Rəssamlar İttifaqı və Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin dəstəyi, “Bakı” rəsm qalereyası və “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının təşəbbüsü ilə keçirilən sərgidə 100-dək əsər nümayiş etdirilir.
   Mərasimdə Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur, Misir Mədəniyyət Mərkəzinin direktoru Mustafa Muavvad Əbdül-Tavab, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, “Bakı” rəsm qalereyasının direktoru Eldəniz Babayev, “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının rəhbəri Esmeralda Tağızadə çıxış edərək sərginin təşkilini yüksək qiymətləndiriblər.
   Sərgidə əsərləri nümayiş olunan iştirakçıların yaş həddi 7-17 kateqoriyasındadır. Rəsm əsərləri yağlı və sulu boya, qarışıq texnika üslubunda çəkilib. Rəsmlərin mövzusu iki ölkənin mədəniyyətini, məişətini, memarlıq abidələrini əks etdirir, eyni zamanda dini, tarixi bayramlarını, etnoqrafiyasını əhatə edir. Sərgi iştirakçılarına diplomlar və hədiyyələr verilib.