İyunun 22-də Budapeştdə Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Budapeştdəki Uypeşt Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Azərbaycan karikatura sənəti” mövzusunda sərgi açılıb.
Uypeşt Rəsm Qalereyasında təşkil olunan və müxtəlif rəssamların 60-a yaxın əsərinin nümayiş etdirildiyi sərgi öz aktuallığı və kəskin tənqidi ruhu ilə seçilən karikatura sənətimizin 100 ildən artıq bir müddətdə keçdiyi inkişaf yolu haqqında təsəvvür yaradır.
Sərgi yaratdığı tiplərin karikaturaçı rəssamların yaradıcılığında mühüm yer tutduğu böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin bu il geniş qeyd olunan 150 illik yubileyinə həsr edilib.
Sərgini Uypeşt Rəsm Qalereyasının rəhbəri, tanınmış macar sənətşünası İştvan Gelleri və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açaraq milli karikatura sənətimizin məşhur “Molla Nəsrəddin” jurnalı ilə başlayan ənənələrindən və keçdiyi zəngin inkişaf yolundan, müxtəlif tarixi mərhələlərdəki özünəməxsusluqlarından ətraflı bəhs ediblər. İştvan Gelleri Azərbaycan karikatura sənətinin öz kamilliyi, cəsarəti, aktuallığı, ictimai və mənəvi həyat faktlarına kəskin və operativ müdaxiləsi ilə onda və həmkarlarında xoş bir heyrət hissi yaratdığını etiraf edib.
Sərginin Azərbaycan karikatura sənətinin keçdiyi inkişaf yolundan bəhs edən rəngli bukleti Azərbaycan, macar və ingilis dillərində çap olunaraq iştirakçılar arasında yayılıb.
İki həftə davam edəcək ekspozisiya Macarıstanın digər şəhərlərində də nümayiş etdirilir.