Vaşinqtonda düzənlənən ənənəvi “İncəsənət əsərlərinin satış-sərgisi-2012”-də Azərbaycan mənşəli amerikalı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” rəsm kolleksiyasından əsərlər satışa çıxarılıb.

   Əsərlərinin satışından əldə olunacaq gəlirin ABŞ paytaxtında yerləşən “Duke Ellington” adına incəsənət məktəbinə keçiriləcək sərgiyə rəssamın ümumi məbləği 10 min ABŞ dolları dəyərində “Əsgəran qalası”, “Şah bulağı”, “Sərsəng su anbarı” və “Cıdır düzü” işləri təqdim olunub.
   “Püxtələşmiş rəssamlardan yeni rəssamlara dəstək” devizi altında keçirilən satış-sərgidə ümumilikdə Vaşinqton və ətraf ştatlarda yaşayan 30-dan çox tanınmış rəssamın 120 işi satışa çıxarılıb. ABŞ paytaxtının tarixi Corctaun hissəsində yerləşən “Duke Ellington” adına incəsənət məktəbi 1974-cü ildən etibarən belə satışlar vasitəsilə topladığı vəsaitdən qeyri-adi istedada malik tələbələrə maddi yardım göstərir.
   Bu xeyirxah aksiyada iştirak edən rəssam Yavər Rzayev tədbirə dəvət alarkən məhz “Könlüm keçir Qarabağdan” kolleksiyasından əsərlər təqdim etməsini belə şərh edib: “Bu əsərlər tamaşaçıya tək vizual görüntü deyil, həm də onun arxasında duran hekayəni anladır, doğulduğum Qarabağın bu günlərdə mənim üçün əlçatmaz olduğunu, oraya, təəssüf ki, yalnız düşüncələrimdə, əsərlərimlə gedə bildiyimi bölüşür. Bu əsərlərimlə incəsənət məktəbinin tələbələrinə kömək edə biləcəyimdən çox məmnunam. Uşaqların incəsənətlə özlərini ifadə etməsini bacarmaları onların ümumi inkişafında böyük rol oynaya bilər”.
   Onu da qeyd edək ki, azərbaycanlı rəssamın “Könlüm keçir Qarabağdan” adlı sərgisi indiyədək Vaşinqton, Pensilvaniya və Kaliforniyanın müxtəlif salonlarında nümayiş etdirilib.