Azərbaycanın incəsənət ustaları Türkiyənin Kayseri vilayətində TÜRKSOY və Dəvəli bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 30-cu Beynəlxalq Aşıq Seyrani festivalında iştirak ediblər.
   Festivalın Türkiyə Böyük Millət Məclisinin deputatları və Kayseri vilayəti rəhbərlərinin iştirak etdikləri açılış mərasimində Azərbaycanın milli rəqsləri və “Bir millət, iki dövlət” mahnısı ifa olunub.
   Gənc incəsənət ustalarımıza xatirə hədiyyələri təqdim edilib. TBMM-in deputatı Əhməd Öksüzkaya azərbaycanlı, qırğız və Balkan ölkələrindən gəlmiş folklor qruplarını salamlayıb, onların festivalda iştirakının əlamətdar olduğunu söyləyib.
   XIX əsr türk xalq ədəbiyyatının görkəmli nümayəndələrindən olan dəvəlili Aşıq Seyraninin xatirəsinə həsr olunmuş festivalın 30 illiyi münasibətilə 30 aşığa qızıl xatirə medalları təqdim edilib.