Azərbaycan rəssamlar ordusu sıralarında belə bir ad var: Hüseyn Hacıyev. O, 1947-ci ildə Bakıda, ziyalı ailəsində dünyaya gəlib. Hüseyn hələ kiçik yaşlarından rəssamlığa həvəs göstərirdi.
   
   Gah evdə ailə üzvlərinin, gah da həyətdəki yaşıdlarının rəsmlərini çəkirdi. Bu rəsmlər əldən-ələ gəzir, qohumların, qonşuların böyük marağına, təəccübünə səbəb olurdu. İllər keçdikdən sonra gənc Hüseyn rəssam olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə təqdim edir. Burada təhsil alarkən o, müəllimlərindən rəssamlıq sənətinin incəliklərini öyrənir və bu sənətə olan həvəsi daha da artır. Hələ tələbə ikən onun çəkdiyi rəsmlər Bakının sərgi salonlarında nümayiş etdirilir. 1975-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirən Hüseyn Hacıyev respublikanın müxtəlif təşkilatlarında tərtibatçı rəssam işləyir.
   Xidməti işlərini görməklə yanaşı, rəssam həm də fərdi yaradıcılıqla məşğul olmuşdur. 1983-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Hüseyn Hacıyev dəfələrlə müsabiqələr laureatı olmuş, fəxri fərmanlarla təltif edilmişdir. Fırçasını rəssamlığın, demək olar ki, bütün janrlarında sınamışdır. Özünün dediyinə görə isə plakat portretlər mövzusu onun ən çox sevdiyi sahədir. Bu qəbildən olan Dədə Qorqudun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, S.Vurğunun, Q.Qarayevin portretləri hazırda respublikamızın rəsm qalereyalarını, sərgi salonlarını bəzəməkdədir. “Qovun və nar”, “Balıq və soğan”, “Ananas” və s. kimi natürmortlarına baxdıqca tamaşaçı onun, eyni zamanda natürmort ustası olmasını da təsdiqləyir.
   Rəssam 200-dən artıq kitaba bədii tərtibat vermişdir. 1984-cü ildə müqəddəs “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməsi Hüseyn Hacıyev və Xalq rəssamı Oqtay Sadıqzadənin birgə bədii tərtibatında işıq üzü görüb. Əli Vəliyevin “Qaşsız üzük” (1976), Mirzə Ələkbər Sabirin fars dilində nəşr edilmiş “Hophopnamə”si (1977), Molla Vəli Vidadinin əsərləri (1977), Əhməd Bakıxanov haqqında “Onun sarı simi” adlı xatirələr kitabı (1985), Qumral Sadıqzadənin “Mənim nakam qardaşım” (2002), Fazil Rəhmanzadənin “Lütfiyar İmanov” (2008) və s. kitabların tərtibatçı rəssamı Hüseyn Hacıyevdir.
   Rəssamın gözəl musiqi duyumu da var. Royalda ifa edir, bəzi musiqi pyeslərinin, etüdlərin, sonatinaların, miniatürlərin müəllifidir. Təsadüfi deyil ki, onun tərtibat verdiyi kitabların əksəriyyəti klavir və partituralardan ibarətdir. Bunlara nümunə olaraq biz, İ.S.Baxın “İki və üçsəsli invensiyalar” (1979), Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının klaviri (bəstəkar Sərdar Fərəcovun redaktəsi ilə, 2008), Hacı Xanməmmədovun “Sənin gözlərin” (1983), Elza İbrahimovanın “Mahnılar” (1980), Tofiq Bakıxanovun “Tar ilə simli kvartet üçün iki nömrəli konsert” (1988), Bülbülün “Azərbaycan xalq mahnıları” (1981), Səid Rüstəmovun “Azərbaycan xalq rəngləri” (1980), Asəf Zeynallının “Uşaq süitası” (1981), Azər Rzayevin “Mahnılar” (1980), Telman Hacıyevin “Mahnılar” (1980), Qara Qarayevin “Yeddi gözəl” (1988), Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin (1982) klavirini göstərə bilərik.
   Bu yazıya “Üzeyir tərənnümçüsü” adı verməyimiz heç də təsadüfi deyil. Belə ki, Hüseyn Hacıyev dahi Üzeyir bəy irsinin vurğunudur. O, dəfələrlə bəstəkarın əsərlərinin nəşrlərinə tərtibat vermiş, illüstrasiyalar çəkmiş, bəstəkarın obrazlarını yaratmış və onun əsərlərinin personajlarının surətlərini işləmişdir. Məsələn, 1984-85-ci illərdə Üzeyir Hacıbəylinin 100 illik yubileyi ilə əlaqədar olaraq UNESCO-nun sifarişi ilə akademik nəşrə hazırlanan “Leyli və Məcnun”, “Koroğlu” operalarının partitura və klavirlərinin, “Sənsiz” və “Sevgili canan” romanslarının klavirlərinin baş rəssamı olmuş, dəfələrlə onun əlyazmalarını bərpa etmişdir. Rəssam həmçinin dahi bəstəkarın qardaşları Zülfüqar və Ceyhun Hacıbəylilərin orijinal portretlərini yaratmışdır. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin rəsm qalereyasının divarlarını rəssam Hüseyn Hacıyevin “Arşın mal alan”, “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Koroğlu” əsərlərinə çəkdiyi gözəl rəsmlər bəzəyir. Son zamanlarda isə rəssam “Üzeyir Hacıbəyli və Cəlil Məmmədquluzadə” adlı yeni bir rəsm işləyərək muzeyə təqdim etmişdir. Çox maraqlıdır ki, sənətkar bu rəsmlərin əksəriyyətini təbii boyalarla işləyir. Özünün dediyinə görə, bu təbii boyaları o, müxtəlif bitkilərin şirəsindən hazırlayır.
   Hüseyn Hacıyevin əsərləri ilə təkcə Azərbaycan tamaşaçıları deyil, dünyanın bəzi ölkələrinin sənətsevərləri də tanışdırlar. Buna misal olaraq biz rəssamın “Şah İsmayıl Xətainin musiqi və şeir məclisi” adlı miniatür əsərini göstərə bilərik. Bu əsər Fransada da böyük marağa səbəb olmuşdur.
   Rəssam həm də gözəl dekorçudur desək, yanılmarıq. O, Bakı Metropoliteninin “Neftçilər” stansiyasındakı mozaik görüntülərin müəlliflərindən biridir. Rəssam şəhid döyüşçülərin barelyeflərini, qorelyeflərini yaratmışdır. Yasamal rayonunda 60 saylı məktəbin divarındakı şəhid Paşa Nəzərovun mərmərdən düzəldilmiş barelyefinin müəllifi Hüseyn Hacıyevdir. Onun çəkdiyi rəsmlər Milli Azərbaycan Tarixi və Musiqi Mədəniyyəti muzeylərində, həmçinin başqa ev-muzeylərində özünəməxsus yer almışdır.
   Hüseyn Hacıyev dəfələrlə respublikamızda və xaricdə keçirilən müsabiqələrin diplomlarına layiq görülmüşdür. O, hazırda Bakı Musiqi Akademiyasında tərtibatçı rəssam vəzifəsində çalışır. Fərdi yaradıcılığını da durmadan davam etdirən sənətkara möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
   
   Gülnarə Ələsgərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar