Və yaxud rənglər dünyasının yeni rəngkarı
Bəzən insan düşüncələrində al-əlvan rənglərin dünyasına qərq olur. Bu dünyada qəribəliklərlə, gözəlliklərlə qarşılaşır. Və bəzən də təbiətin yaratdığı gözəlliklərin heyranına çevrilir. Təbiətin min bir rəngi, yeddi çalar göy qurşağı, ləçəklənmiş çiçəklərin gözəlliyi, hətta qurumuş ağac və yaxud hər hansı bir təbiət görüntüsü insanı valeh edir. Təsadüf etdiyimiz bu mənzərələri biz yalnız seyr edirik. Lakin onu əbədiləşdirə bilmirik. Çünki Tanrı bu qüdrəti bizə bəxş etməmişdir.
Amma Tanrının zövqoxşayan qabiliyyət bəxş etdiyi insanlar da var. Kimisinə gözəl səs, kimisinə barmaqlarından tökülən incilər, kimisinə isə yazıb-yaratmaq kimi dəyərlər bəxş edir. Bu yazıda söhbət açacağım gənc və istedadlı rəssam Ülvi Musayev də belə yaradıcı insanlardandır.
Mən rəssam dedikdə öz sənətini könüldən sevən, onun incəliklərini öyrənən, geniş dünyagörüşünə, yüksək mədəniyyətə malik olan insanı gözlərim önündə canlandırıram. O insan ki, bəşəri dəyərlərə qiymət verir, rastlaşdığı hər bir gözəlliyi iç dünyasına hopdurursa, məqamında bu gözəlliyi əks etdirən tablolar yaradır. Rəssamın sənətində ilahi eşq və sənətə sevgi yaşayır. O, yalnız özü üçün yaşamır, düşüncələrinin məhsulu ilə onun sənətini sevən, gözəlliyə qiymət verən kəsləri də yaşadır. Rəssamın mayası yalnız və yalnız sevgidən yoğrulur.
Ülvi Musayev də sənətdə məhz belə yaşayır.
O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib, təsviri sənətdə öz dəst-xəttini, üslubunu yaradıb. Gənc rəngkarın boya ilə təsvir etdiyi düşüncələrini, kətan üzərinə köçürdüyü duyğularını onun ilk fərdi sərgisində iştirak edən sənətkarlar yüksək qiymətləndirdilər. Akademik Tahir Salahov isə Ülvinin gənc olmasına baxmayaraq, yaradıcılıqda çox cəsarətli, uğurlu addımlar atdığını söylədi.
Ülvi öz ideyalarına tabedir. O, təfəkkürün gücünə sığınır, düşüncələrinin işığında nəhayətsizliyə sarı uçur. Duyğularının zərif qanadlarında nə zamansa yaranacaq neçə-neçə əsərlər, natürmortlar, dərin məna kəsb edən kompozisiyalar çırpınır. Xəyalında yaratdığı bu istəyi həyata keçirmək üçün bu nəhayətsizlikdən qopmaq istəyir. Sonda onun fırçası qalib gəlir, maraqlı və özünəməxsus, fərqli əsərlər yaradır.
“Karvan”, “Natürmort xalça ilə”, “Tikanlar”, “Çiçəklə natürmort” və s. əsərləri Ü.Musayevin özünəməxsus yaradıcılıq dəst-xəttindən, bədii üslubundan xəbər verir. Mənə elə gəlir ki, müəllifin kətan üzərindəki natürmortunda köksü parçalanmış nar (“Narlar” rəsmi) onun artıq sərgilənmiş əsərlərinin təzahürü, açılmamış narlar isə onun gələcəkdə yaranacaq neçə-neçə ideyalarına işarədir. Mən deyərdim ki, Ü.Musayev yaradıcılıq axtarışlarına çıxmır, zamanla yaradıcılıq ideyaları özü onunla qarşılaşır. Zərrə-zərrə topladığı təcrübəsi və baxışları ilə təbiətdən əldə etdiyi gözəllikləri birləşdirərək harmoniya yaradır.
Rəssamın “Səttarı düşünərkən” adlı əsəri isə bəlkə də çoxlarının təəccübünə səbəb ola biləcək iç dünyasının təlatümündən xəbər verir. İçərişəhərin mənzərəsində Qala divarlarının daş kitabələri əks olunaraq bizi keçmişimizə bir daha dərindən qaynaq edir. Onun əsərlərində cığırı ikiyə bölmüş, torpağın köksünə caynaq salmış ağacların görüntüsü və bu ağacların arasında üzü duvaqlı, dumanlı təbiət mənzərəsi insanı düşündürməyə bilməz.
Gənc rəssam 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomuna layiq görülmüşdür. Onun əsərləri artıq Azərbaycanın hüdudlarından kənarda - ABŞ, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. İşlədiyi əsərlər sırasında Dünya Karate Federasiyasının prezidenti Antonio Espinoza (İspaniya), Beynəlxalq Şotokan Federasiyasının prezidenti Kanço Xirakoze Kanazava (Yaponiya), Rusiyanın məşhur aktyoru Aleksandr İsakovun portretləri xüsusi yer tutur.
Gənc istedadın ciddi yaradıcılığı onun gələcəyinin parlaq olmasından xəbər verir. Əlbəttə, o, atası Əlimirzə müəllimin süzgəcindən keçmiş, onun məsləhətlərindən bəhrələnmişdir. “Ot kökü üstə bitər” atalar misalı da burada öz əksini tapır.
Dərin idraka malik, istedadlı rəssam olan Əlimirzə müəllim öz çalarlı və əlvan dünyasında yalnız rənglərin dili ilə danışaraq, boyaların sirrini, sehrini açaraq nümunəvi sənət əsərləri və tablolar yaratmışdır. Ülvi atasının davamçısı olmaqla bərabər, həmkəndlisi, böyük rəssam Səttar Bəhlulzadənin də ruhunu şad edir, onun yolunu davam etdirir. Bu gün Bakının Əmircan kəndi yeni və mahir bir rəssam yetişdirir. Ruhun şad olsun, Səttar Bəhlulzadə!
Mətanət Ulu Şirvanlı,
şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü