Tanınmış rəssam və qrafik Bəyim Hacızadə yaradıcılıq fəaliyyətinə keçən əsrin 60-cı illərində qədəm qoyan sənətkarlar nəslinə aiddir. Bu dövr Azərbaycan təsviri sənət tarixində yeni mərhələnin başlanğıcı idi.
   
   Təsviri sənətin bütün növlərində yeni bədii-estetik dəyərlər, forma-biçim və ifadə axtarışlarının əlamətləri gənc rəssamların yaradıcılığında ifadə olunurdu. Həmin dövrdə sənətdə ilk addımlarını atan Bəyim Hacızadə də yeni ruh və ideyalarla dolu yaradıcılığında bu prinsipləri tətbiq edirdi.
   Dünyaya uşaqlarının gözü ilə baxan rəssamın yaradıcılıq axtarışlarının hədəfi olaraq məhz onların aləmini seçməsi təsadüfi deyil. Rəssamın əsərlərində öz övladlarını böyük bir məhəbbətlə sevən ana qəlbinin çırpıntıları hiss olunur. Çünki müəllif əsərlərini təkcə rəssam kimi deyil, həm də bir ana olaraq işləyirdi. Yaradıcılığının böyük bir hissəsini öz uşaqlarına həsr edən rəssam linoqravürlərində övladlarının necə boya-başa çatdıqlarını, onların ilk addımlarını, birinci sinfə getmələrini və digər bu kimi xoş hadisələri göstərirdi. Uşaqlarının böyüməsini, mənəviyyatlarının formalaşmasını dərindən izləməklə xarakterik obraz ümumiləşmələrinə gəlib çıxırdı.
   Bu baxımdan “Balaca rəssam” linoqravürası maraq kəsb edir. Müəllif ağ fon üzərində qara ştrixlərdən istifadə edərək balaca rəssamı sevimli məşğuliyyəti zamanı təsvir etmişdir. Müəllif bu əsərdə qızı Adilənin obrazını təsvir etmişdir. Onun əynindəki isti geyimdən bəlli olur ki, əsər soyuq qış aylarında işlənmişdir. Adilənin sərbəst, kənar kömək olmadan rəsm çəkmək istəyini təsvir etməklə müəllif sanki balaca rəssamın ilk addımlarından azad sənət prinsiplərinə yiyələnmək istəyini təsvir edir. B.Hacızadə bu mövzuda daha bir neçə əsər işləmişdir. Onlardan biri də “Rəsm çəkən qız” linoqravürasıdır.
   Yaratdığı əsərlərinin orijinal kompozisiya quruluşu, lakonik kolorit həlli və digər xüsusiyyətləri rəssamın özünəməxsus işləmə tərzindən xəbər verir. Onun yaradıcılığında kədərli mövzulara nadir hallarda rast gəlinir. Əsərlərində daha çox qadın dünyasının düşüncələrini, ana ürəyinin məhəbbətini, körpə uşaqların saflığını təsvir etməklə rəssam yaradıcılığının əsas mahiyyətini göstərir.
   Rəssam linoqravürlərində uşaqları təsvir edərkən onların daxili aləmində gedən inkişaf proseslərini yaxından izləyir və bundan qaynaqlanaraq ümumiləşdirilmiş bədii obrazlar yaratmağa nail olur. Linoqravür lövhələrinə xronoloji cəhətdən nəzər yetirdikdə dünənki körpə uşaqların - Adilə və Fövziyyənin necə böyüyüb boya-başa çatdıqlarının şahidi oluruq.
   Onu da qeyd edək ki, Bəyim xanımın hər iki övladı bu gün onun yolunu davam etdirir. Onlar da vaxtilə bütün maneələri aşmış, azad sənət prinsipləri əsasında çalışmış valideynləri kimi sərbəst yaradıcılıqla məşğul olurlar.
   
   Zəkiyə Nuriyeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar