Onu Mədəniyyət və Turizm Nazirliyinin gənclərlə bağlı layihələrində tez-tez görürdüm. Şəxsi tanışlığım olmasa da, yaradıcılığına bələd idim, müxtəlif sərgilərdə nümayiş etdirdiyi əsərlər onun sənət dünyasının zənginliyindən xəbər verirdi. Növbəti belə tədbirlərin birində onunla həmsöhbət oldum. Müsahibim Rəssamlar İttifaqının üzvü, istedadlı gənc rəssam Aysel Əmirovadır.
   
   Dediyinə görə, ailəsində sənətə maraq böyük olub. Anası memar olan gənc rəssam uşaqlıqdan incəsənətin müxtəlif sahələrinə həvəs göstərib. Piano da ifa edib, dekorativ-tətbiqi sənətlə də məşğul olub. Amma özünü rəssamlıqda tapıb: “Dördüncü sinifdə oxuyarkən bir gün eşitdim ki, məktəblilər arasında rəsm müsabiqəsi keçirilir. Əl işləri Xocalı mövzusunda olmalı idi. Xocalıda baş verən hadisələrin dəhşətini, anaların göz yaşlarını televiziyada göstərilən kadrlarda görmüşdüm. Xalqımıza qarşı törədilən bu soyqırımı qəlbimdə canlandırıb bir rəsm çəkdim. Rəsmdə şəhid anası və ətrafında məzarlar təsvir olunmuşdu. Bu rəsmə görə I yerə layiq görüldüm. Ondan sonra rəssam olacağımı düşündüm”.
   Aysel 12 yaşında ilk fərdi sərgisini tamaşaçılara təqdim edib. 1999-cu ildə Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında təqdim etdiyi 50-dək əl işi maraqla qarşılanıb: “Onda 5-ci sinifdə oxuyurdum. Çox sevinirdim. Mən həmin vaxt uşaqlarla bağlı bütün sərgilərdə iştirak edirdim. Paralimpiya Komitəsinin üzgüçülüklə məşğul olan fəal üzvü kimi müxtəlif mədəniyyət tədbirlərinə qatılırdım. O vaxt Milli Olimpiya Komitəsinin rəhbəri, Prezidentimiz İlham Əliyevin portretini də çəkmişdim. İdmançılarla görüş zamanı o, çəkdiyim rəsmlə maraqlandı, xoş sözlərini bildirdi. Bütün bunlar məni rəssam olmağa daha da həvəsləndirdi”.
   Aysel Əmirova 2003-cü ildə Ə.Əzimzadə adına İncəsənət Kollecinə daxil olub. Rəngkarlıq sənətinin sirlərini öyrənə-öyrənə sərgilərdə davamlı iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə xarici ölkələrdə - Böyük Britaniya, ABŞ və Türkiyənin müxtəlif şəhərlərində sərgilərdə əsərləri nümayiş olunub: “Rəssam üçün əsərlərinin xarici ölkələrdə nümayiş olunması, alınması fəxrdir. Qeyd olunan ölkələrdən savayı, Gürcüstanda, Rusiyada da sərgilərdə iştirak etmişəm”.
   Ə.Əzimzadə adına İncəsənət Kollecini uğurla başa vuran Aysel 2007-ci ildə Rəssamlıq Akademiyasına qəbul olunur. Təhsilini müvəffəqiyyətlə davam etdirərək bakalavr üzrə məzun olub. Hazırda Rəssamlıq Akademiyasında magistr pilləsində oxuyur. O, çəkdiyi rəsmlərdə əsasən insanın duyğularını, daxili aləmini ifadə etməyə çalışır. Açıq rənglərlə işləməyə daha çox üstünlük verir.
   Əsasən rəngkarlıqla məşğul olsa da, qrafika və batika janrındakı əl işləri də diqqəti cəlb edir. 2006-cı ildə çəkdiyi “Şəhid anası” adlı əsəri uğurlu alınıb. Bu əsər dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə nümayiş olunub. “Xəyallarda” adlı əl işini uğurlu rəsmlərindən sayır. Avanqard, abstrakt, portret janrlarına da müraciət edir: “Əsərlərimdə əsasən insan duyğularını, hiss və həyəcanlarını ifadə etməyə çalışıram. İşlədiyim əsər istədiyim kimi alınanda özümü qalib kimi hiss edirəm. Elə olur ki, iş alınmır. Amma sonra o yarımçıq əl işi maraqlı bir əsərə çevrilə bilir. Bu, insanın əhval-ruhiyyəsindən də asılıdır”.
   Söhbət əsnasında dövlətin gənclərə göstərdiyi qayğıdan da məmnunluqla danışan müsahibim Heydər Əliyev Fondu tərəfindən emalatxana ilə təmin olunduğunu bildirdi. Bu il isə fərdi sərgisini keçirməyi planlaşdırır: “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gənclərə xüsusi diqqət göstərilir. Bu da bizi yeni yaradıcılıq uğurlarına ruhlandırır”.
   Aysel Əmirova gənc olmasına baxmayaraq, xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur. İmkansız ailələrdə rəssamlığa meyl göstərən əlil uşaqlara bu sənətin sirlərini öyrədir. Dekorativ-tətbiqi sənətlə də davamlı məşğul olan Ayselin qab üzərində bəzəmə işləri maraq doğurur. Hazırda rəssam mürəkkəb qadın dünyasının təsvir olunacağı kompozisiya üzərində işləyir.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar