Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən II Respublika dekorativ-tətbiqi sənət festivalı davam edir. Festivalın proqramına uyğun olaraq, növbəti mərhələ üzrə daha bir sərgi oktyabrın 2-də Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunacaq.
Sərgidə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan xalq sənətkarları və dekorativ-tətbiqi sənət ustalarının iştirakı nəzərdə tutulur. Festivalın yekun sərgisi isə noyabrda Muzey Mərkəzində açılacaq. Burada regionlarda keçirilmiş sərgilərdə seçilən əsərlər nümayiş olunacaq.
Qeyd edək ki, 2012-ci ilin fevral ayından start götürən festival qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması məqsədilə təşkil olunub. İndiyədək Gəncə, Şəki, Xaçmaz və Lənkəran şəhərlərində baş tutan regional sərgilərdə 50-dək şəhər və rayondan xalq sənətkarları, dekorativ-tətbiqi sənət ustaları iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorundan bildiriblər ki, festivalın yekun sərgisindən seçilmiş əsərlərdən ibarət kataloq, habelə həmin əsərlərin nazirlik tərəfindən alınması ilə bağlı təkliflər hazırlanacaq. Layihədən sonrakı mərhələdə hazırlanmış kataloqların müxtəlif səfirliklərə, turizm, diaspor təşkilatlarına, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.
Ceyhun