“Aktyor arxeoloq kimi obrazı qazıb hərtərəfli öyrənməli, sonra səhnədə canlandırmalıdır”
   
   Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaçıları onu özünəməxsus, koloritli, mənfi rolların mahir ifaçısı kimi tanıyır, teatr və kino işçiləri onu gün işığında çıraqla axtarılan qrim ustası kimi qəbul edir. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri onu qrim sənətinin ustadı sayırlar.
   
   Maksud Məmmədov isə özü barədə belə deyir:
   - Mən qrim işi ilə məşğul olmağa başlayanda teatrımızın baş rejissoru Aleksandr Şarovski dedi ki, bu sənətlə məşğul olmaqda davam etsən, bunun aktyor karyerana çox güclü təsiri olacaq. Zaman gəldi ki, rejissorumuzun uzaqgörənliklə dediyi sözlər nöqtəsinə kimi yerini aldı. İndi Rus Dram Teatrının kollektivindən və bu teatrın tamaşaçılarından başqa məni aktyor kimi az adam tanıyır. Kənarda məni daha çox qrim ustası kimi tanıyır, filmlərə, seriallara dəvət edirlər. Heç kimin ağlına gəlmir ki, qrim ustası Maksud həm də aktyordur.
   
   Rəssam, yoxsa aktyor?
   
   - Mənim sənətə gəlişim təsadüfi olmayıb. Hələ texniki peşə məktəbində oxuyarkən ağac üzərində oyma sənətinin sirlərini öyrənmişəm. Məqsədim rəssam olmaq idi. Ancaq məktəbi bitirəndən sonra hərbi xidmətə getdim, qayıdanda imtahanlara az qalmışdı. Rəssamlıq Akademiyasına imtahan vermək üçün öz üzərimdə işləməli idim. Anam məsləhət gördü ki, sənədlərimi İncəsənət İnstitutunun (Mədəniyyət və İncəsənət Universiteti) dram-kino aktyoru fakültəsinə verim. Belə bir fikrim olmasa da, sənədlərimi verdim və heç bir həyəcan keçirmədən imtahanların nə ilə nəticələnəcəyini gözlədim. İmtahanlardan bir neçə gün əvvəl sevimli sənətkarımız, Xalq artisti Şəfiqə Məmmədova məni abituriyentlərin arasında görüb dedi ki, sən rus bölməsini bitirmisən, çalış imtahanları uğurla ver, sən bizə lazımsan. Məsləhət gördü ki, Azərbaycan dilində kitablarla da tanış olum. İmtahanı mərhum sənətkarımız Həsən Turabov götürürdü. İmtahan asan keçməsə də, nəticəsi yaxşı oldu. Mən 16 nömrəli musiqi məktəbinin tar sinfini, texniki peşə məktəbini bitirmişdim, üstəlik hərbi xidmətdə olmuşdum. Bütün bunlar ballarımı artırdı, mən dram-kino fakültəsinə qəbul oldum.
   Birinci kursda bizə Şəfiqə Məmmədova dərs dedi, ikinci kursdan Şəfiqə xanım kafedra müdiri vəzifəsinə təyin olunduqdan sonra sənət müəllimimiz rəhmətlik Şahmar Ələkbərov oldu. O, bizə (mənimlə bir kursda oxuyan Rəfael, Coşqun və başqa tələbə yoldaşlarımıza) sənətin gözəlliklərini və sirlərini öyrətdi. Şahmar Ələkbərov rəhmətə gedəndən sonra Fuad Poladov bizi axırıncı kursa çatdırdı. Onun ilk buraxılışı biz olduq. Onun köməyi ilə də o kursdan iki nəfər Rus Dram Teatrına gəldik.
   
   “Aktyor psixoloq olmalıdır”

   
   ...Doxsanıncılar. Bu nəslin taleyi heç də asan olmayıb. Maksud Məmmədov da bu nəslin nümayəndəsidir.
   
   - O illər ağır illər idi. Sənət arxa plana keçmişdi. Dolanışıq ucbatından aktyorlar teatrı tərk edirdi. Bu səbəbdən Rus Dram Teatrında da aktyor çatışmırdı. 1994-cü ildə iki nəfər bu teatra gəldik. Bu qocaman sənət ocağının tarixində ilk dəfə olaraq bizi yoxlamadan işə qəbul etdilər. Artıq 19 ildir ki, bu teatrdayam. Rollarımın əksəriyyəti mənfi tiplərdir. Ancaq səmimi deyirəm, mənim üçün mənfi rollar daha maraqlıdır. Həmişə demişəm, aktyor obrazı hərtərəfli öyrənmək üçün “arxeoloji qazıntılar” aparmalıdır. Rol müsbətdirsə, niyə müsbətdir, mənfidirsə, niyə mənfidir. Bu suallara cavab tapmaq üçün aktyor axtarışlar aparmalı, obrazı özü üçün kəşf edib, “arxeoloji tapıntı”nı sonda tamaşaçıya təqdim etməlidir. Mənfi rolların xarakteri zəngin, ziddiyyətli olur. “Burla Xatun” tamaşasında Şöklü Məlik rolunu oynamışam. O qədər dərin obraz idi ki, mən onu hələ də axıra kimi aça bilməmişəm. Rolu qazıb-qazıb “diriltmək” lazımdır. Bu mənada aktyor psixoloq olmalıdır. Mən öz sənətimi həmin o qazıntılara görə sevirəm. Qazıntı zamanı tapdıqlarımı səhnəyə çıxara bilirəmsə, tamaşaçıya ötürə bilirəmsə, rolumun uğurlu olacağına da inanıram.
   Maksud Məmmədov teatrda işlədiyi illərdə bir çox yaddaqalan rollar oynayıb. Onun səhnədə “diriltdiyi” obrazlar sırasında Aqent ("Vid s mosta", A.Miller), Mahmud ("Ray v şalaşe", K.Aslanov), Aktyor ("Salam, mən sizin dayınızam", Elçin), Doristeo ("Xitroumnaya vlüblyonnaya", L. de Veqa), Reks ("Nedosyaqayemaya", S.Moem), Tomas Mor ("Kral oyunları", Q.Qorin), Celme ("Çingiz xanın sirri", M.Şaxanov), Şöklü Məlik ("Burla Xatun", N.Xəzri), Jon Vallone ("Daha bir Cekson", X.Berqer), Hersoq Albanski ("Kral Lir", U.Şekspir), Şapur ("Fərhad və Şirin", S.Vurğun) rolları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
   
   - 19 ildir ki, səhnədəyəm. Ancaq hər il yeni mövsüm başlayanda pərdə arxasında dayanıb səhnəyə çıxacağım anın həyəcanını yaşayıram. Sonra məşqlər başlayır, o həyəcan tədricən ötüb keçir. Mənim üçün məşq prosesi vacibdir. Səhnəyə çıxıram, rolumu oynayıram, qayıdanda pərdə arxasında məndən soruşurlar ki, çox tamaşaçı var? Deyirəm, ilahi, mən heç adamları görmədim. Çünki aktyorla tamaşaçı arasında bir divar var. Mən səhnədə olanda tamaşaçını görmürəm. “Kral Lir”də belə bir yer var, sən sözünü tamaşaçının gözünün içinə baxaraq deməlisən. Bir də tamaşaçıları tamaşa bitəndə, baş əyəndə görürəm. Bu xoş bir hisdir.
   
   “Mən necə qrim ustası oldum”
   
   Bu bir həqiqətdir ki, qrim ustası Maksud Məmmədovun uğurları onu bir aktyor kimi kölgədə qoyub...
   - Əvvəlcə onu deyim ki, qrim sənətində mənim müəllimim olmayıb. Teatra gələndə elə bir dövr idi ki, nəinki aktyorlar, qrimçilər də teatrı tərk etmişdi. Təsadüf elə gətirdi ki, 18 yaşlı bir qızı teatra qrimçi götürdülər. Tamaşa vaxtı qrim otağına getdim, gördüm ki, bu qız qrim sənətindən heç nə bilmir. Öz köməyimi təklif etdim. Və o zamandan etibarən tamaşalar olanda özüm-özümü qrimləyirdim. Sonra aktyor yoldaşlarım xahiş etdilər ki, onları da qrimləyim. Bir gün uşaqlar gedib direktora deyirlər ki, Maksud onsuz da bizi qrimləyir, onu qrim ustası kimi də işə götürün. Direktor da razılıq verdi. O xanımla birlikdə qrim sənətinə aid kitablar tapıb öyrəndik. Qismət belə gətirdi ki, biz ailə qurduq, üç qızımız var, yenə də bir yerdə işləyirik.
   
   “Cin” ona uğur qazandırdı
   
   - Bir gün teatrımızın aktyoru Emil Tahirov dedi ki, xaricdən mütəxəssislər gəliblər, “Cin-kart”ın reklamı üçün Cin obrazına məni bəyəniblər. Qrim ustası axtarırdılar, səni dedim. Məni elə qrimlə ki, seçilim. O “Cin”i qrimləmək qrim ustalığımda bir imtahan oldu. Aktyoru qrimlədim, son sözü deyəcək adam gəldi, bir dəqiqə emosiyasız Cinə baxdı, tərcüməçiyə nə isə dedi. Tərcüməçi sevincək halda dedi ki, bu adam deyir, mən inanmırdım ki, Azərbaycanda Hollivud səviyyəsində bir qrim ustası görəm. Həmin andan mən bu sənətdə özümü təsdiqləmiş oldum. O vaxtdan mən teatrın çərçivəsindən kənara çıxıb qrim ustası kimi televiziyada, kinoda tanındım.
   
   Maksud Məmmədov “Məhkumlar”, “Üç qız” bədii ekran əsərləri, “Azərbaycan xanlıqları” silsilə filmləri, “Seçilən”, “Bir anın həqiqəti”, “Çətin yol”, “Ci-Mi”, “Əlamət” və s. bədii televiziya filmlərində qrim ustası kimi öz sənətini bacarıqla nümayiş etdirib.
   - Yeddi ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət fakültəsində qrim sənətindən dərs deyirəm. Bu sənətin incəliklərini tələbələrimə öyrədirəm. Uğurlarımı o qədər də böyük hesab eləmirəm. Yaşıdlarım var ki, onların uğurları mənim uğurumdan qat-qat çoxdur. Mənim “çatışmayan” əsas cəhətim həqiqəti üzə deməyimdir. Ağa ağ, qaraya qara deyən adamam. Hərdən fikirləşirəm ki, mən bu zəmanənin adamı deyiləm. Xeyirxah cəngavərlər keçən əsrlərdə qalıb. Həmişə doğrunun tərəfindəyəm və belə düşünürəm ki, həqiqət həmişə azlığın tərəfində olur.
   Sənətdə özümə qarşı tələbkaram. Bir aktrisanı maneken kimi qrimləməli idim. Maneken nə qədər cəlbedici olsa da, gözləri şüşə kimi soyuq olur. Çox fikirləşdim, çarəni yuxuda tapdım. Manekenin gözlərini bağladım və yeni gözlər düzəltdim. Çox adam məni sehrbaz hesab edir, elə bilirlər ki, nə istəsələr, düzəldə bilərəm, ancaq mənə bir işi sifariş verəndə, onu görməyənəcən “hələ bilmirəm” - deyirəm. Elə ki, o işin açarını tapdım, tam əminliklə boynuma götürürəm.
   
   “Qırmızı bağ”da ilk böyük rol
   
   - Rejissor Mirbala Səlimli məni "Qırmızı bağ" filminə dəvət etdi, baş rolu - Abbas müəllim rolunu verdi, dedi ki, şəkillərini görmüşəm, mənim qəhrəmanıma tam uyğun gəlirsən. Bu, kinoda ilk böyük rolumdur. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” kinostudiyası və Rusiyanın “Weit Media” şirkəti tərəfindən birgə ekranlaşdırılır. Hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Filmdə orta məktəb müəllimi Abbasla onun həyat yoldaşı Vəfanın məişət qayğılarından bəhs olunur.
   
   Aktyor, qrim ustası və müəllim. O, günün saatlarını da belə bölür: Səhnə, qrim otağı və auditoriya...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar