“Christie’s” hərrac evi paytaxtımızda ilk sərgisini açıb
   
   Dünyanın məşhur “Christie’s” hərrac evi Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yeni istifadəyə verilmiş “Four Seasons Baku Hotel”in möhtəşəm salonunda özünün Azərbaycanda ilk sərgisini açıb. Sentyabrın 15-də keçirilən açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
   
   Sərgidə “Christie’s”in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatlar nümayiş olunur. Burada impressionist, II Dünya müharibəsindən sonrakı dövrə aid və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri yer alıb.
   Nümunələr arasında dünyanın tanınmış fırça ustalarının əsərləri də sərgilənir. Bu sırada Pablo Pikassonun ölməz sənət incisi də var. Rəssamın həyat yoldaşı və itini təsvir etdiyi “Qadın itlə” adlı tablo 1962-ci ildə yaradılıb. Əsər 5-7 milyon dollar arasında qiymətləndirilir. Burada “Christie’s”in kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da nümayiş edilir.
   Sərgi ilə yaxından tanış olan Mehriban xanım Əliyevaya bənzərsiz sənət nümunələri haqqında ətraflı məlumat verilib. Azərbaycanın birinci xanımı sərginin qonaqlar kitabına ürək sözlərini yazıb.
   Açılış mərasimində bildirilib ki, bu sərgi Azərbaycanda və xaricdə mədəniyyət, təhsil, elm, sosial sahələrdə çoxlu sayda layihələri uğurla həyata keçirmiş Heydər Əliyev Fondunun təşkilatçılığı ilə açılıb. Fond milli və mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş coğrafiyada təbliği və ölkəmizin beynəlxalq imicinin formalaşmasına xüsusi önəm verir.
   2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş “YARAT!” qeyri-kommersiya təşkilatı müasir Azərbaycan incəsənətini ölkə və dünya səviyyəsində təmsil etmək məqsədilə yaradılıb. Təşkilat qeyri-kommersiya xarakterli incəsənət fondları ilə faydalı dialoq və mübadilə aparır.
   Tədbirdə çıxış edən “YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb. Bu işlərə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirərək deyib: “Biz bu tədbiri “Christie’s” ilə birlikdə təşkil etdiyimizə görə qürur duyuruq. Mənim fikrimcə, sərgi Azərbaycanın beynəlxalq incəsənət məkanında təmsil olunması baxımından mühüm səhifə açacaq. Azərbaycan xalqı zəngin mədəni irsə, həmçinin incəsənət əsərlərinə malikdir və biz bu reallığı təbliğ etmək istəyirik. Buna görə də Bakıda belə bir möhtəşəm sərginin təşkilində səy və köməyini əsirgəməyən “Christie’s” hərrac evinə dərin təşəkkürümüzü bildiririk. “YARAT!” təşkilatı olaraq biz Azərbaycanın müasir incəsənət xadimləri ilə dünya incəsənət xadimləri arasında dialoqa töhfə verəcək mümkün qədər çox mədəniyyətlərarası əlaqələr qurmaq niyyətindəyik”.
   Mərasimdə çıxış edən “Christie’s” hərrac evinin sədri Devid Linley Bakıda belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib və bu gözəl hadisənin zəngin mədəniyyət ənənələri olan bir ölkədə reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. Devid Linley deyib ki, gələn il “Christie’s”in Londonda keçirəcəyi beynəlxalq sərgidə müasir Azərbaycan incəsənət əsərlərini nümayiş etdirəcək.
   Sonra “Christie’s”in fəaliyyəti barədə videoçarx nümayiş etdirilib. Dünyanın aparıcı incəsənət-biznes təşkilatı olan “Christie’s”in 250 illik tarixi var. Qurumun hazırda 32 ölkədə 53 ofisi və 10 satış salonu fəaliyyət göstərir.
   Mərasimdə maraqlı musiqi proqramı təqdim olunub. Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, tanınmış sənət adamlarının, həmçinin dünyanın müxtəlif ölkələrindən 50-dək kolleksiyaçının, muzey işçisinin iştirak etdiyi Bakı sərgisi böyük maraq doğurub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar