Bu vaxtadək əl kamerası və əyalət aktyorlarından ibarət qrup ilə “Avropa”, “Dalğaları yararkən”, “Qaranlıqda rəqs”, “Doqvil” kimi möhtəşəm filmlərin müəllifi olan danimarkalı rejissor Lars Fon Trier “Antixrist” filmi ilə yenidən öz sözünü dedi.
   
   “Antixrist”i kinoda özünün ən mükəmməl işi hesab edən Lars filmi dahi rus kinorejissoru Andrey Tarkovskiyə həsr edib. Uzun müddətli depressiyada olan Lars Fon Trierin belə mükəmməl müəllif filmi çəkməsi gözlənilən idi. 2009-cu ildə Kann festivalında nümayiş olunan və «Qızıl palma» budağına layiq görülən “Antixrist” jurnalist və kino tənqidçilərinin mənfi reaksiyasına məruz qalmışdı. Filmi tam anlamayan heyət rejissordan israrla onun izahını tələb etmişdi.
   Adətən biz kinoda, ədəbiyyatda Xeyirin Şər üzərində qələbəsini gözləmiş və buna inanmışıq. Lakin bu filmdə yazıçı Avqust Strinberqin dediyi kimi, Tanrını axtaranlar sonda şeytanı tapırlar.
   Filmi ekrandan izləmək və qəbul etmək çətindir. Müəllif filmlərinin yüksək tamaşaçı zövqü tələb etdiyi şərtini nəzərə alsaq, “Antixrist”i izləyən tamaşaçı bu filmi izləməyə hazır olmalıdır.
   İlk epizodlarda Tarkovski estetikasından yararlanaraq ağ-qara rəngdə filmə giriş verən rejissor doğum və ölüm mövzusunu bir nöqtədə birləşdirib. Qadın və kişi bir-birlərinin zövqünü oxşadığı an onların kiçik övladı pəncərəyə dırmaşır və özünü aşağı atır. Övlad itkisi ilə qarşı-qarşıya qalan və mənəvi sarsıntı yaşayan ana günlərlə özünə gələ bilmir, uzun müddət xəstəxanada müalicə olunur.
   Ər və arvad bu sarsıntını unutmaq üçün bir müddət Edem meşəsindəki daxmada yaşayırlar. Filmin əsl metaforik kadrları da buradan başlayır. Edem meşəsi filmdə simvolik anlam daşıyır. Əfsanəyə görə, Edem Adəm və Həvvanın birgə yaşadığı bağçanın adı olub. Əslində meşənin surətindəki təbiət qadının filmdə bir epizodda vurğuladığı kimi “Şeytanın kilsəsi”dir.
   Filmdə qadın və yaradılış bir nöqtədə birləşir. Qadın və onun haqqında olan fikirlər hər epizodda, xüsusilə də “Yas”, “Acı”, “Ümidsizlik” hissələrində müəyyən bənzətmələrlə öz ifadəsini tapıb. Paralel olaraq kişi də üç canlı - məsumiyyət rəmzi olan ceyran, hiyləgərlik rəmzi tülkü və müdriklik rəmzi sayılan qarğa simasında üç dilənçi ilə müqayisə edilərək yeni bir xaosdan, ölümdən xəbər verir.
   Daha sonra Edem meşəsində qadının göz yaşı, cazibəsi ilə aldanmış kişinin qaranlıq, cəhənnəm əzablı həyatı başlayır. Qadın ani hisslərin zövqü ucbatından itirdiyi övladının qisasını ərindən almaq üçün ona işgəncələr verir. Filmin bu məqamları ağır və əsəblərə təsir edəcək qədər güclüdür.
   Bu filmə baxmaqla tamaşaçı möhtəşəm sənət izləyəcək. Erotika və işgəncə görüntülərini əks etdirən “Antixrist” bu günə qədər çəkilmiş ən yaxşı müəllif filmi hesab edilir.
   Baş rolların ifaçıları Uilyam Defo və Şarlotta Hensbur da filmdə bənzərsiz obraz yaradıblar. Qeyd edək ki, 2009-cu ildə Kann festivalında ən yaxşı qadın rolu ifaçısına görə mükafatı da Şarlotta Hensbur almışdı. 

  Yeganə Cansail