Azərbaycanın tanınmış rejissoru və aktyoru Adil İsgəndərovun sənədləri Dövlət Film Fonduna təqdim olunub. Fondun direktoru Cəmil Quliyevin verdiyi məlumata görə, bununla əlaqədar olaraq sənətkarın qızı Dilarə İsgəndərova ilə danışıqlar aparılıb və müsbət nəticələnib. Danışıqların nəticəsinə əsasən, Adil İsgəndərovun 70-ə qədər fotosu ötən həftə fonda daxil edilib.
   C. Quliyev onu da bildirib ki, görkəmli kinooperator, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərovun da şəxsi kitabxanası bir neçə gün ərzində Dövlət Film Fonduna hədiyyə olunacaq. Kitablarının fondun kitabxanasına verilməsi Rafiq Qəmbərovun öz şəxsi istəyi olub.