Mayın 21-də Alman-Azərbaycan Mədəniyyət Birliyi - “Kapellhaus”da Azərbaycanın fırça ustalarının “Almaniya bir rəssamın gözü ilə” adlı sərgisi açılıb.
Tədbir Almaniyanın Bakıdakı səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Mədəniyyət Birliyi, “Qız qalası” incəsənət qalereyası, “Berlin-Bakı” rəsm qalereyası, “Kapital Bank” və “Standard İnsurance”ın birgə dəstəyi ilə keçirilib.
Açılış mərasimində çıxış edən Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Moessinger bu layihənin 2007-ci ildən etibarən gerçəkləşdiyini bildirib. Ötən müddətdə sərgidə 300-dən artıq rəssam iştirak edib. Qeyd olunub ki, builki sərgidə nümayiş olunan 38 əsər səfirliyin əməkdaşlarının da daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib və üç əsər seçilib.
Münsiflərin yekdil qərarına əsasən gənc rəssamlar Xəyalə Yusifova birinci, Taleh Mirkazımov ikinci, Tural Emilli isə üçüncü yerlərə layiq görülüblər. Qaliblərə mükafatlar təqdim olunub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Validə Məmmədova və həmin ali təhsil müəssisəsinin professoru, Xalq rəssamı Səlhab Məmmədov sərgidə qalib gələn gənc rəssamlara uğurlar arzulayıblar.
Sərgi iyunun 10-dək davam edəcək.