Milli İncəsənət Muzeyinin yeni keçid korpusunda Azərbaycan və dünya sənətkarlarının əsərləri nümayiş olunur
İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışında iştirak ediblər.
Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçib. Ölkəmizdə yaradılan ilk muzeylərdən biri olan Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtın mərkəzində XIX əsrin sonlarında inşa edilən ikimərtəbəli binada yerləşir. Burada ölkəmizin incəsənətinə aid əsərlərdən ibarət ekspozisiya və muzey fondları, eləcə də Qərbi Avropanın, Rusiyanın rəssam, heykəltəraş və digər incəsənət nümayəndələrinin əsərlərindən ibarət kolleksiyalar daim zənginləşir. Muzeydə elmi tədqiqat və elmi bərpa işləri aparılır, kamera musiqisi konsertləri, yubiley mərasimləri təşkil olunur.
Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan verib. Ölkəmizdə muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.
Azərbaycan Milli İncəsənət Muzeyinin yeni inşa olunan keçid korpusu bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının növbəti əyani təzahürüdür.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına muzeyin yeni korpusu barədə ətraflı məlumat verib. Qeyd olunub ki, yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə orijinal layihə əsasında inşa olunub. Əsaslı vəsait qoyuluşu hesabına tikinti işləri 2009-cu ildə başlanıb. İnşaat zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini üzvi şəkildə tamamlamasına xüsusi diqqət yetirilib. Birinci mərtəbədəki fotostenddə tikintinin gedişi və inşaat işlərindən sonrakı vəziyyəti əks etdirən fotolar yerləşdirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun mükəmməl layihə əsasında inşa olunması ölkəmizdə həyata keçirilən yenidənqurma işlərinin geniş miqyasını və keyfiyyətini göstərir. Burada milli memarlıq elementləri ilə yanaşı, beynəlxalq təcrübədən də geniş istifadə olunub. İşıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir. Foyedə nümayiş etdirilən qədim Şamaxının Xınıslı yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı tapılmış, eramızın I-III əsrlərinə aid insan fiqurları Azərbaycanda heykəltəraşlığın çox qədim tarixə malik olduğunu sübut edir. Laçın rayonunda tapılan at formalı məzar daşı isə eramızın XVI əsrinə aiddir. Buradakı artköşk də muzeyə gələnlərin böyük marağına səbəb olacaq. Satış üçün nəzərdə tutulan, bir neçə dildə yazılmış müxtəlif mövzuları əhatə edən suvenir kitablar da maraq doğurur.
Yeni korpusun metal fondunda qiymətli metallardan hazırlanmış müxtəlif incəsənət nümunələri saxlanılır. Rəngkarlıq bölməsində Azərbaycan, Qərbi Avropa, Rusiya və Şərq rəssamlarının müxtəlif dövrlərə aid 3000-dən çox nəfis sənət incisi mühafizə olunur. Qrafika fondunda sayı 6000-ə çatan yüksək sənət nümunələri də Azərbaycan, Qərbi Avropa və Rusiya rəssamlarına məxsusdur. Bu fondlarda Finlandiya istehsalı olan ən müasir avadanlıq quraşdırılıb.
Yeni korpusun ikinci mərtəbəsində heykəltəraşlar Ömər Eldarov, Kamal Ələkbərov və Cəlal Qaryağdının bir sıra maraqlı əsərləri nümayiş etdirilir. Sərgi salonundakı eksponatlar da yüksək peşəkarlıq nümunələridir. Tanınmış heykəltəraşlar Fuad Əbdürrəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarov, Cəlal Qaryağdı, Tokay Məmmədov və Sobsay Pinxosun portret və digər janrlarda əsərləri tamaşaçıda dərin təəssürat yaradır. Korpusun tavanı təkrarsız görkəmi ilə diqqəti cəlb edir. Yeni korpusda təbii işıqlandırma sistemi yaradılıb. 70-80 nəfərlik akt salonunda da istənilən tədbirin keçirilməsi üçün hərtərəfli şərait var. Burada ən müasir proyeksiya avadanlığı quraşdırılıb.
Dövlət başçısı və xanımına muzeyin ekspozisiyasının müxtəlif bölmələrində yerləşən eksponatlar barədə məlumat verilib. Muzeydə dünya bədii irsində görkəmli yerlərdən birini tutan Azərbaycan incəsənəti zəngin kolleksiya ilə təmsil olunur. Qobustanın qayaüstü rəsmləri, Mingəçevirin zoomorf qabları, milli miniatür rəssamlıq əsərləri, çeşidli, bənzərsiz xalçalar, keramika və bədii metal nümunələri Azərbaycan incəsənətinin qədimliyinin və misilsiz bədii dəyərinin əyani sübutudur. Buradakı daş kitabələrin hər biri qədim tariximizin öyrənilməsi baxımından tutarlı mənbədir.
Muzeydəki orta əsrlərə aid dekorativ incəsənət nümunələri böyük maraq doğurur. Vaxtilə Bakı, Gəncə, Şamaxı, Şəki tacirlərinin Avropa bazarlarına çıxardıqları xalça dəstləri geniş şöhrət qazanmışdı. Ənənəvi olaraq Azərbaycanda xovlu və xovsuz xalçalar - kilim, palaz, vərni, zili, sumax və sair toxunub. Muzeydə bədii tikmələr, ağac üzərində oymalar, zərgərlik nümunələri, misgərlərin döymə, həndəsi və nəbati naxışlarla bəzədikləri metal məmulatları və digər çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Ölkəmizin müxtəlif regionlarına aid geyimlər, o cümlədən Azərbaycan döyüşçülərinin geyim dəstləri böyük maraq doğurur. Burada təsviri sənət nümunələri də geniş yer alıb.
Muzeydə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə sərgi təşkil olunub. Ümummilli liderin 1998-ci ildə yaradılan əzəmətli portreti xüsusilə diqqət çəkir. Dahi rəhbərin Azərbaycanın mədəniyyətinə, incəsənətinə diqqət və qayğısını əks etdirən eksponatlar da böyük maraq doğurur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Səttar Bəhlulzadə, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Baba Əliyev, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Tahir Salahov və digər görkəmli rəssamların kətan üzərində yağlı boya ilə çəkdikləri rəsm əsərlərinə baxıblar.
Bu il Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən digər korpusunda əsaslı yenidənqurma, təmir və bərpa işlərinə başlanacaq. Yeni korpusla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib və muzeyin kollektivinə uğurlar arzulayıb.