Azərbaycan tarixi mövzusunda respublika rəsm müsabiqəsinə yekun vuruldu
   
   İyunun 14-də Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş Azərbaycan tarixi mövzusunda “Əsrlər-nəsillər” adlı respublika rəsm müsabiqəsinin yekun sərgisi açıldı.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük öndər Heydər Əliyevin respublikamızda ikinci dəfə hakimiyyətə gəldiyi 1993-cü ilin 15 iyununun Azərbaycanın müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu, bu tarixdən dövlətçiliyimizin yeni mərhələsinin başlandığını qeyd etdi: “Azərbaycan xalqının çağırışı ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi qərar idi. Ulu öndər ölkənin müstəqilliyinin bərpası və qorunub saxlanılması missiyasını öz üzərinə götürdü, Azərbaycanı möhkəm dövlətçilik və sabit inkişaf yoluna çıxardı”.
   Ümummilli liderin dövlətçilik missiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan nazir bildirdi ki, aparılan uğurlu siyasətin nəticəsində Azərbaycan dünya miqyasında layiqli yeri olan, böyük mədəniyyətə, tarixə, güclü iqtisadiyyata və turizm potensialına malik bir ölkə kimi tanınır. Nazir ölkəmizin inkişafında və tanınmasında mədəniyyət sahəsində çalışan insanların da böyük əməyi olduğunu diqqətə çatdırdı.
   “Əsrlər-nəsillər” sərgisi barədə danışan Əbülfəs Qarayev qeyd etdi ki, təqdim olunan əsərlərdə təsviri sənət ustalarının Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə baxışı əks edilib: “Sərgidə nümayiş olunan əsərlərdə Azərbaycanın görkəmli şəxsiyyətləri, tarixi hadisələr xalqımızın qədim sənət ruhuna uyğun üslubla təsvir olunub. Burada eyni zamanda müasir texnika, rəngkarlıq potensialı ilə yaradılmış əsərlər seyrçilərə təqdim olunur”.
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərgidəki əsərlərin bir neçə ilin sənətkar əməyinin məhsulu olduğunu bildirərək qeyd etdi ki, rəssam tarixi mövzuda əsər yaradarkən həm tarixi göstərməli, həm də yüksək sənət nümayiş etdirməlidir: “Bu mövzuda sərgi ilk dəfə keçirilir və bundan sonra belə sərgiləri ənənəvi olaraq təşkil etməyi nəzərdə tuturuq. Çünki sərgi üçün müsabiqə elan edilən gündən sənət adamları tərəfindən böyük marağın olduğunu hiss etdik. Müsabiqəyə yaşlı, orta və gənc nəslin nümayəndələri olan rəssamların ümumilikdə 400-dən çox əsəri təqdim edilmişdi. Biz çox böyük seçim qarşısında qalmışdıq. Bu əsərlərdən təxminən 200-ü müsabiqədən keçdi. Təqdim edilən əsərlərin arasından seçilən nümunələr bugünkü sərgidə nümayiş olunur. Bir məqamı da nəzərə çatdırım ki, sərgidə nümayiş olunan ən yaxşı əsərlər dövlət tərəfindən alınaraq muzeylərimizə təhvil veriləcək».
   Qeyd edək ki, iyunun 17-dək davam edən «Əsrlər-nəsillər» adlı sərgidə rəngkarlıq, heykəltəraşlıq, batika, qobelen, dekorativ-tətbiqi sənət nümunəsi olan 119 əsər nümayiş edilirdi. Azərbaycan tarixinin şanlı hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətini, xalqımızın qəhrəman övladlarının dövlətçilik, müstəqillik, suverenlik, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətini əks etdirən əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.
   
   Fəxriyyə Abdullayeva