Macarıstanın paytaxtı Budapeştdə gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin “Həyatınızı rəngləyərək” adlı fərdi rəsm sərgisi açılıb “YBL” sarayında təşkil edilmiş sərginin açılışında çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu cür tədbirlərin mədəniyyətimizin tanıdılmasında rolunu qeyd edib.
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tamaş Hegedüş Azərbaycan mədəniyyəti və istedadlı rəssam haqqında yüksək fikirlər söyləyib.
İyulun 13-dək ziyarətçilər üçün açıq olacaq sərgidə rəssamın 30-dək rəngkarlıq və qrafika işi nümayiş etdirilir.
Bu, Çingiz Mehbalıyevin beynəlxalq miqyasda ilk uğuru deyil. O, 2007-ci ilin noyabrında UNESCO tərəfindən keçirilən və Mövlanə Cəlaləddin Ruminin anadan olmasının 800 illiyinə həsr olunan beynəlxalq sərgidə iştirak edən ən gənc rəssam olub.