“Baku Creative Center” yaradıcılıq mərkəzinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nin baş sponsorluğu ilə həyata keçirdiyi “Azərbaycan İncəsənət Festivalı” layihəsinin sonuncu səyyar sərgisi iyulun 7-8-də Sumqayıt Dövlət Rəsm Qalereyasında keçirilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsinin növbəti mərhələsi olaraq gerçəkləşən “Azərbaycan İncəsənət Festivalı”nın səyyar sərgiləri bir ay ərzində 10 şəhər və rayonu əhatə edib.
Sərginin açılış mərasimində layihənin əhəmiyyətindən danışılıb. Bildirilib ki, layihənin əsas məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə respublikamızın şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və maraqlarını artırmaq, yaradıcı potensialı olan gəncləri dəstəkləyib üzə çıxarmaqdır.
Sonra layihə iştirakçısı Novruz Məmmədov təsviri sənət həvəskarlarına ustad dərsi keçib. Sərgidə ümumilikdə, 17 rəssamın 40-a yaxın əsəri nümayiş olunub.
İyulun 10-da “Baku Creative Center”də “Azərbaycan İncəsənət Festivalı”nın yekun sərgisi açılacaq.