On yaşlı britaniyalı Kieron Vilyamson beş yaşından - ailəsi ilə birlikdə istirahətdə olarkən mənzərə şəkilləri çəkməyə başladığı vaxtdan şöhrət qazanıb. Onun əl işləri ilk dəfə art-bazara 2009-cu ildə çıxarılıb. Həmin vaxt qapalı hərracda 19 rəsmdən ibarət kolleksiyası 14 min funt sterlinqə satılıb. Kieron bu pula valideynləri üçün ev alıb.
2010-cu ildə balaca rəssamın ilk fərdi sərgisində yağlı boya, rəngli karandaşlar və sulu boya ilə çəkilmiş 33 işi nümayiş olunub. Rəsmlər Arizona, Nyu-York və Cənubi Afrika Respublikasından olan alıcılara 150 min funta satılıb.
2011-ci ildə Kieron rəsmlərindən 106 min funt qazanıb. Bu günlərdə keçirilmiş sonuncu satışlarda yeniyetmə rəssam işlərini 450 min funta satıb. Ümumilikdə balaca rəssam indiyədək əl işlərindən 1,5 milyon funt qazanıb. Sonuncu satışları təşkil edən qalereyanın meneceri Adrian Hill bildirib ki, Kieronun rəsmləri maraqlı və qeyri-adidir.
Kieron, rəsm çəkməklə yanaşı, bütün yeniyetmə oğlanlar kimi futbol oynamağı da çox sevir.