İyunun 24-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Qarabağ müharibəsi veteranı olan rəssamların I respublika sərgisi açıldı. “Qorqud” Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Ehtiyatda olan Zabitlər Birliyi və Rəssamlar İttifaqı tərəfindən təşkil olunmuş sərgidə Pərnisə Əsgərova, Tərlan Eyvazov, İntiqam Ağayev və İlqar Əkbərovun əl işləri təqdim olundu.
   Açılışda çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Qarabağ müharibəsi iştirakçılarının ilk sərgisinin 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində sənətsevərlərə təqdim olunduğunu diqqətə çatdırdı: “Çox zaman deyirik ki, dünyanı gözəllik xilas edəcək. Bu dəfə sənət dünyasına müharibənin od-alovunu görmüş insanların gözü ilə baxacaq, onların yaratdıqları gözəlliklərlə tanış olmaq imkanı əldə edəcəyik”.
   Qeyd edək ki, sərgidə əsərləri nümayiş olunan müəlliflər peşəkar rəssamlardır. Miniatür ustası Pərnisə Əsgərova 1992-ci ildə könüllü olaraq cəbhəyə getmiş, tibb bacısı olmuşdur. Onun tarixi mövzuda miniatürləri tamaşaçıların böyük marağına səbəb oldu.
   Qarabağ müharibəsinin iştirakçısı olan qrafika ustası-illüstrasiyaçı, “Qorqud” Araşdırmalar Mərkəzinin rəhbəri Tərlan Eyvazov bildirdi ki, sərginin keçirilməsində əsas məqsəd müharibənin ağrı-acısını bilavasitə hiss etmiş sənətkarların bu hissləri öz əsərlərində necə təcəssüm etdirmələrini tamaşaçıya çatdırmaq, gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir. Sərgi ilk dəfə keçirildiyindən, təbii ki, müharibə iştirakçısı olan təsviri sənət ustalarının hamısını əhatə edə bilməyib. Gələcəkdə belə tədbirləri mütəmadi keçirməklə bütün arzu edən döyüşçü rəssamların işlərini nümayiş etdirəcəyik”.
   Tərlan Eyvazov sərginin təşkilinə verilən dəstəyə görə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova təşəkkür məktubu təqdim etdi. Əsərləri nümayiş olunan müəlliflərə Rəssamlar İttifaqının diplomları təqdim olundu. Sərgi iyunun 27-dək davam edəcək.
   
   Lalə Azəri