İyunun 20-dən 22-dək Romanın “Galleria d’Arte Consorti” sərgi salonunda dahi Nizami Gəncəviyə həsr olunmuş sərgi keçirilib.
Tədbir “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli Məclisin Azərbaycan-İtaliya dostluq qrupunun və ölkəmizin Romadakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsi çərçivəsində gerçəkləşib. Sərgidə azərbaycanlı və italiyalı gənc xanım rəssamların rəsmləri nümayiş olunub.
Mərasimi İtaliya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Paulo Qassaqarandi açaraq ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov çıxış edərək belə mədəniyyət tədbirlərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan parlamentinin İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Azər Kərimli tədbirdə çıxış edərək Nizami irsinə dünyada marağın getdikcə artdığını xatırladıb, Nizami dühasına gənc rəssamların, xüsusən İtaliyadan olan rəssamların diqqət göstərməsini yüksək qiymətləndiriblər.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva tədbir iştirakçılarını salamlayaraq layihə barədə məlumat verib, Azərbaycanın böyük mütəfəkkir şairinin yaradıcılığına italiyalıların yaxından maraq göstərməsini yüksək dəyərləndirib.
Əsərləri sərgidə nümayiş olunan rəssamlar - Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı, Günay Həsənova (Azərbaycan), İllaria Rezzi və Martina Donati (İtaliya) sərginin təşkilatçılarına minnətdarlıq ediblər. Mərasimdə İtaliyanın mədəniyyət və incəsənət xadimləri, təsviri sənət həvəskarları iştirak ediblər. Sərgi böyük maraqla qarşılanıb.