Art festival çərçivəsində növbəti layihə
“YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən “PARTICIPATE” Baku Public Art” festivalı çərçivəsində növbəti layihə - Əməkdar incəsənət xadimi, rəssam və kurator Səbinə Şıxlinskayanın “Dünyanı qoruyaq” layihəsi təqdim edilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində təqdim edilmiş özünəməxsus üsluba malik və al-əlvan rənglənmiş avtobus Səbinə Şıxlinskaya və Emil Məcnunovun yaradıcılıq tandemi ilə hazırlanıb.
Səbinə Şıxlinskaya “Dünyanı qoruyaq” əsərində qlobal problemlərə toxunur. Ətraf mühitin problemlərinə insanların diqqətini cəlb etməyə cəhd edən layihə rəhbəri qeyri-adi yaradıcılıq eksperimenti keçirmək qərarına gəlib. O, zibil konteyneri əvəzinə yoldan keçənlərə özünəməxsus üsluba malik və al-əlvan rənglənmiş, kuklalar yerləşdirilmiş avtobus təklif edib. Oradan keçən istənilən adam əlindəki boş plastik qabı konteynerə atmaqla doğma şəhərdə təmizlik və səliqə-sahmana öz “payı”nı vermiş olar. Təqdim olunan avtobus yaxın günlərdə Azərbaycanın bir neçə rayonuna gedəcək.