İyunun 20-də Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Səhhət Veysovun 60 illik yubileyi münasibətilə fərdi yaradıcılıq sərgisi açıldı.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazir Əbülfəs Qarayevin təbrikini yubilyara çatdırdı, rəssamın sənət dünyası haqqında fikirlərini bölüşdü: “Bu gün Azərbaycan təsviri sənətində özünəməxsus sənət yolu, təsviri sənətimizi fərqli tərəfləri ilə təqdim etməkdə xidmətləri olan çox istedadlı bir insanın 60 illik yubiley sərgisini keçiririk. Bu sərgidə rəssamın uzun illər çox dar çərçivədə təqdim edilən və demək olar ki, ancaq sənət dostlarının gördüyü, geniş tamaşaçı kütləsinin görmədiyi nadir sənət nümunələri ilə tanış olacağıq. Təqdim olunan 150 əsərə baxmaq kifayət edir ki, rəssamın zəngin fəlsəfi dünyasına və ömür yoluna bələd olasan. Onun keçdiyi geniş və işıqlı sənət yolu bu əsərlərdə zamanın yaddaşında həkk olunmuşdur. Rəssam heç vaxt öz işi ilə başqa rəssama bənzəməməlidir. Buna görə də məktəblər eyni ola bilər, amma dəst-xətt müxtəlifliyi mütləqdir. Səhhət Veysovun fəlsəfi dünyası da çox fərqli bir dünyadır. Onun əsərlərinə diqqətlə baxsanız, bunun şahidi olacaqsınız. Bir daha sərgi münasibətilə səbəbkarı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram”.
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında Səhhət Veysovun yaradıcılığından söz açaraq ittifaqın adından yubiley təbriklərini rəssama təqdim etdi. Bildirdi ki, sərgidə rəssamın 40 ilə yaxın yaradıcılıq dövrünü əhatə edən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
   Səhhət Veysov 1953-cü ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirib. 1968-ci ildən etibarən müxtəlif beynəlxalq sərgilərin iştirakçısıdır. 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib. 1988-ci ildə “Azərbaycan musiqisi və poeziyası” rəsm əsərləri silsiləsinə görə respublika Lenin komsomolu mükafatına layiq görülüb. Səhhət Veysov təkcə rəssamlıqla kifayətlənmir, incəsənət tarixinə, ədəbiyyata dair bir çox məqalələrin müəllifidir.
   Tədbirdə rəssamın bacısı Zülfiyyə Veysova çıxış edərək qardaşının 60 illiyi münasibətilə təşkil edilən sərgiyə və əsərlərindən ibarət kataloqun hazırlanmasına görə ailələri adından Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
   
   Lalə Azəri