Sentyabrın 8-də Müasir İncəsənət Muzeyində “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqların yaradıcılıq sərgisi açılıb. Ekspozisiya oktyabrın əvvəlinədək sənətsevərlərin ixtiyarında olacaq.
   Tədbirdə “YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova nümayiş olunan sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərgi “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən ustad dərslərinin nəticəsi olaraq açılıb.
   Sərgidə iştirak edən 5-12 yaşlı balacalar iki ay müddətində peşəkar rəssamların rəhbərliyi altında yaradıcı düşüncə tərzini, kompozisiya, keramika, kollaj, batika kimi texnikaları mənimsəyiblər. 30 uşağın iştirak etdiyi sərgidə müxtəlif mövzuları əhatə edən 100-ə yaxın əl işi sənətsevərlərin ixtiyarına verilib. Sonra sərginin iştirakçılarına xüsusi hədiyyələr təqdim olunub.