Sentyabrın 20-də “Kiçik QalArt” sərgi salonunda istedadlı rəssam Aida Mahmudovanın “Daxili sakitlik” adlı fərdi sərgisi açılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
“Daxili sakitlik” sərgisi insan yaddaşı və həsrətin təbiəti haqqında düşüncələrdir. Gənc rəssam öz yaradıcılığında hansısa müəyyən məkana bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır, yaddaşla itirilmiş zəmanənin qəlpələri arasında incə rabitəni aşkar edir.
Tanınmış mədəniyyət, incəsənət xadimlərinin iştirak etdikləri mərasimi Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq Aida Mahmudovanın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib. Gənc rəssamın qısa müddətdə püxtələşdiyini vurğulayan F.Xəlilov təqdim olunan əsərləri böyük sənət uğuru kimi dəyərləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq rəssamı Fuad Salayev sərginin adı ilə nümayiş olunan əsərlərin vəhdət təşkil etdiyini, bir-birini tamamladığını diqqətə çatdırıb. Bildirib ki, bu əl işlərində Bakının və Abşeronun keçmişi gənc rəssamın müasir sənət baxışları ilə yüksək səviyyədə təqdim edilir.
Rəssam Aida Mahmudova çıxış edərək tədbirə gələn qonaqlara, ona bu işdə yardımçı olanlara minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi oktyabrın 21-dək davam edəcək.