“Kukla” art qalereyasında rəssam Elmira Abbaslının yeni əl işi təqdim olundu
   
   Sentyabrın 24-də Bakıdakı “Kukla” art qalereyasında kuklaçı-rəssam Elmira Abbaslının “Sultanın istəklisi” adlı yeni əl işinin təqdimatı oldu. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, tanınmış rəssamlar, sənət adamları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   
   Qalereyanın rəhbəri Lalə Kazımova qonaqları salamlayaraq bu ilin aprelində fəaliyyətə başlayan sənət ocağı barədə məlumat verdi. Bildirdi ki, ötən müddətdə art qalereyanın kolleksiyasına yeni nümunələr daxil olub: “Yerli sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən - İtaliya, Rusiya, Ukrayna, Fransadan kukla ustalarının sənət nümunələri qalereyanı daha da zənginləşdirib. Bu gün qalereyamıza daha bir möhtəşəm yaradıcılıq nümunəsi təqdim edilir”.
   Lalə Kazımova tanınmış kuklaçı-rəssam Elmira Abbaslıya yeni əl işini qalereyada sərgilədiyi üçün təşəkkürünü bildirdi. Qeyd etdi ki, biz bu işləri xaricdə sərgilərdə nümayiş etdiririk və belə sənət əsərləri Azərbaycan incəsənətinin təbliğinə xidmət edir.
   Kukla sənətinin ta qədimdən mədəni irs nümunəsi kimi sənət növləri sırasında geniş yayıldığını deyən L.Kazımova bildirdi ki, bu sənət zamanın ələyindən ələnərək bu günə gəlib. Müəyyən dövrlərdə kukla ayin, oyun və daha sonra teatr alətinə, müasir dövrdə isə həm də bədii sənət əsərinə çevrilib. Bu gün kukla ustalarının işləri dünyanın məşhur muzey və qalereyalarında nümayiş olunur.
   Sonra söz kukla ustası Elmira Abbaslıya verildi. Rəssam “Sultanın istəklisi” adlı kompozisiyasının təqdimatına toplaşanlara təşəkkürünü bildirərək, əl işinin ideyası və yaranma prosesi haqqında danışdı. Bildirdi ki, yeni əl işi bir il ərzində ərsəyə gəlib: “Mənim hər bir işimin öz taleyi var. Onların hər birinin bəxtinə Azərbaycanı dünyanın müxtəlif ölkələrində təbliğ etmək yazılıb. “Sultanın istəklisi” kompozisiyasının ideyası isə hələ üç il əvvəl yaranmışdı. O vaxt “Şah və Səhrizad” kompozisiyasını hazırlamışdım. Şərq mövzusu həmişə maraqlı olub və diqqət çəkib. Ona görə də bu seriyadan əl işlərimi davam etdirmək üçün “Sultanın istəklisi”ni yaratdım. Mənim üçün tarix çox maraqlı olduğundan hazırladığım işlər də özündə tarixi əks etdirir. Dəbdəbəli geyimlər, bər-bəzəklər və zamanı əks etdirən tablolar - bunlar nağılları xatırladır”.
   Rəssam yaxın aylarda Moskvada keçiriləcək sərgiyə hazırlaşdıqlarını diqqətə çatdırdı: “Xarici ölkələrdə keçirilən tədbirlərdə mədəni irsimizi, incəsənətimizi yüksək səviyyədə təmsil etməyə çalışırıq. Kukla sənəti qədim sənətdir və bizim ölkədə də zaman-zaman bu işlə məşğul olan sənətkarlar olub. Mən 1983-cü ildən kukla sənəti ilə məşğul oluram. Kiçik işlərdən başlayaraq böyük kuklaları hazırlamağa qədər yol keçmişəm. Bu gün mənim bir neçə yeni əl işim təqdim edilir. Bunların sırasında güzgü və mücrünü də göstərmək olar”.
   Kompozisiya böyük maraqla qarşılandı. Sərgi noyabrın 1-dək davam edəcək.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar