Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi açılacaq. Mərkəzdən verilən məlumata görə, ekspozisiyada məşhur fırça ustasının müxtəlif illərdə çəkdiyi rəsmlər, həmçinin xalça üzərindəki əsərləri nümayiş olunacaq. Onların sırasında ulu öndər Heydər Əliyevin portreti, görkəmli musiqiçilər Qara Qarayev, Dmitri Şostakoviç və Mistislav Rostropoviçin portretləri, “Aydan”, “Səhər. Abşeron”, “Koroğlu” tabloları, “Abşeron” triptixi (“Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası”) və digər əsərləri də var. Sərgi noyabrın 6-dək davam edəcək.
   Qeyd edək ki, noyabrın 29-da Tahir Salahovun 85 yaşı tamam olur. Korifey sənətkar Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, bir çox mükafatların laureatı, dünyanın 20-dən çox akademiya və yaradıcılıq təşkilatının fəxri üzvü, ABŞ-ın bir neçə ştat və şəhərinin fəxri vətəndaşı, UNESCO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidentidir.