Oktyabrın 26-da İsmayıllı şəhərində Almaniyada yaşayan soydaşımız, məşhur fırça ustası, Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovla yaradıcılıq görüşü keçirilib. Görüşdən əvvəl rəssamın sərgisi sənətsevərlərə təqdim olunub.
Əşrəf Heybətovun yaradıcılığında Şərqin ənənələri ilə Qərbin müasir plastikası birləşir. Rəssamın əsərləri dünyanın bir çox ölkələrində sərgilənib. Mövzu baxımından rəngarəng olan əsərlərin içərisində “Əhdi Ətiq” və “Əhdi Cədid” motivləri əsasında işlədiyi rəsmlər xüsusilə fərqlənir. Həmin əsərlər Vatikan Mədəniyyət Komitəsinin Rodos adasında (Yunanıstan) keçirilən “Sivilizasiyaların dialoqu” adlı sərgidə nümayiş olunub.
Rəssamın fırçasının məhsulu olan bütün əsərlərində sənətkarın iç dünyasından qopub gələn mətləblər gizlənib. Onun rənglər dünyasında şəxsən yaşadığı və şahidi olduğu bütöv bir epoxanın sürrealist inikası ilə realist mahiyyəti qovuşur. Bu baxımdan rəssamın əsərləri sərgiyə gələnlərdə xüsusi ovqat yaradıb. Müəllifin “Əzablı yollar”, “Bayram”, “Humay”, “Kainat”, “Kəsmə şikəstə” rəsmlərində xalqımızın ən ağrılı dərdi Qarabağ, işğal altında olan torpaqlarımız əksini tapıb.
Sərgiyə gələnlər rəssamın həyat və yaradıcılığına həsr olunan filmə tamaşa ediblər. Daha sonra Əşrəf Heybətov gənc rəssamlara ustad dərsi keçib, təsviri sənətin incəliklərindən söz açıb, tövsiyələrini bildirib.
Çinarə Bəhərçinli,
İsmayıllı rayonu