Heydər Əliyev Mərkəzində müasir Azərbaycan incəsənəti sərgisi açılıb
Dekabrın 27-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və iki il ərzində dünyanın altı ölkəsində nümayiş etdirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, “Bakıya uçuş” layihəsinin ideya müəllifi Leyla Əliyeva mərasimdə iştirak ediblər.
“Bakıya uçuş” sərgisi Azərbaycanın müasir incəsənətini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Sərgidə nümayiş olunan əsərlərin hər biri orijinallığı ilə diqqəti cəlb edir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özünəməxsusluğundan xəbər verir.
Mərasimdə çıxış edən layihənin ideya müəllifi Leyla Əliyeva “Bakıya uçuş” sərgisinin Azərbaycanın müasir rəssamlarının əsərlərini dünyada nümayiş etdirmək baxımından gözəl fürsət olduğunu vurğulayıb. Qeyd olunub ki, sərgi Heydər Əliyev Mərkəzində iki ay davam edəcək və bununla da layihə sona çatacaq.
Leyla Əliyeva gənc rəssamların layihələrinin bundan sonra da dəstəklənəcəyini bildirib.
Sərginin kuratoru Erve Mikaeloff layihənin uğurla keçməsindən məmnunluğunu ifadə edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Ekspozisiyada rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamın 100-dən artıq əsəri nümayiş etdirilir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Portağal ağacı”, “Qafqaz bəbiri”, “Zaman” və digər əsərləri orijinallığı ilə seçilir.
Tanınmış rəssam Altay Sadıqzadənin, gənc fırça ustası Aida Mahmudovanın və digərlərinin əsərlərinin təqdim olunduğu layihə tamaşaçılara Azərbaycanın müasir incəsənətinin zənginliyini dəyərləndirmək imkanı verir. Təqdim olunmuş əsərlərin əksəriyyəti məhz bu layihə üçün işlənib.
Qeyd edək ki, “Bakıya uçuş” sərgisi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılıb. Daha sonra Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi böyük maraq doğurub. Bakıdakı yekun sərgi 2014-cü il martın 1-dək davam edəcək.