Qarabağa həsr olunmuş sərgi
Dekabrın 25-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) təşkilatçılığı ilə Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Sülh və Qarabağ üçün səslər” (“Voices for Peace, Voices for Karabakh”) kampaniyası çərçivəsində sərgi açılıb.
ADA tərəfindən dəstəklənən “Xankəndi üçün səslər” (“Voices for Khankendi”) adlı sərginin müəllifi gənc rəssam və illüzionist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həlimə Ələsgərovadır.
Mərasimdə bildirilib ki, kampaniyanın məqsədi erməni silahlı qüvvələrinin işğalı altında olan Xankəndi şəhərini unutmamaq, tarixi yaddaşımızı möhkəmləndirmək, gənclərdə Qarabağa sevgi hissinin aşılanmasıdır.
Azərbaycan mədəniyyətinin bütün dünyada geniş təbliğ olunduğunu diqqətə çatdıran ADA-nın prorektoru Fariz İsmayılzadə belə bir layihənin bu tədris ocağında reallaşmasının əhəmiyyətini vurğulayıb. ADA-da təhsil alan dünyanın 28 ölkəsinin gəncləri bu sərgi vasitəsilə Azərbaycan tarixi ilə tanışlıq imkanı qazanacaqlar.
Milli Məclisin deputatları Flora Qasımova, Asim Mollazadə və Aydın Mirzəzadə çıxış edərək ömründə Qarabağı, Şuşanı görməyən bir gəncin qədim tarixi və zəngin mədəniyyəti olan bu torpağı öz rəsmrlərində tərənnüm etməsini yüksək qiymətləndirib.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycanın bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışıb, Qarabağın mədəni irsini qorumağın hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb. O, sərginin təşkilinə göstərdikləri köməyə görə ADA-nın rəhbərliyinə və ASAIF-ə minnətdarlığını bildirib.
Sərgidə Qarabağın, o cümlədən Şuşanın təbiət mənzərələrini, tarixi-memarlıq abidələrini əks etdirən rəsmlər nümayiş olunur. Sərgi dekabrın 31-dək davam edəcək.