31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Ankaradakı Rəsm və Heykəl Muzeyində Türkiyədə yaşayan Azərbaycan rəssamlarının sərgisi açılıb.
Sərginin açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov ekspozisiyada 37 rəssam və heykəltəraşın 70-dən çox əsərinin nümayiş olunduğunu, əl işlərində Azərbaycan tarixinə və etnoqrafiyasına, tarixi şəxsiyyətlərinin obrazlarına və gözoxşayan guşələrinin təsvirinə geniş yer verildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlı rəssamların artıq sayca üçüncü olan bu sərgisində əsasən qardaş ölkənin ali təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərən tanınmış fırça və tişə ustalarının əsərləri yer alıb. Bu sırada respublikanın əməkdar rəssamları Arif Ələsgərov və Teymur Rzayevin, eləcə də Səyad Rüstəm, Rəhim Məmmədov, Asim Rəsuloğlu, Yaşar Zeynalov, Zakir Mehdiyev, Məhəmməd Əliyev və digərlərini qeyd etmək olar.
Rəssam Rafiq Əzizin çəkdiyi portretlərə sərgidə xüsusi maraq vardı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün real bədii ifadə vasitələri ilə təsvir edilən portretlərində bu görkəmli şəxsiyyətlərə xas keyfiyyətlər çox inandırıcı biçimdə ifadə olunub.
Tokat şəhərində çalışan rəngkar Məhəmməd Yüzbaşiyevin “Cıdır düzündə bahar şənliyi” və “Eşq yolçuları” tablolarında mənəvi dəyərlərə yaddaqalan və düşündürücü bədii görkəm verilib. Onlardan biri bizi xəyalən yurdumuzun dilbər guşəsi olan Qarabağa, digəri isə əqidələri ilə bəşəriyyətin nurlanmasına çalışan Nizami Gəncəvi və Cəlaləddin Rumi kimi görkəmli şəxsiyyətlərin mənəvi dünyasına aparır.
İstanbulun Yedditəpə Universitetində fəaliyyət göstərən Teymur Rzayevin “Sürət” əsərində ümumi səthə əlavə olunmuş təsvirli kiçik kətan hissələrinin yaratdığı bədii bütövlük fəlsəfi tutumludur. Elə həmin əlavənin-“parçalanma”nın ümumi siluetinin yaratdığı çoxmənalı “qəfəs” təəssüratı, bilavasitə onun arxasında görüntüyə gətirilən köhlən ata yönəlik olduğundan həm də düşündürücüdür...
İyirmi ildən çox Ankarada çalışan və Türkiyədə bir çox abidələrin müəllifi olan Səyad Rüstəmin sərgidə nümayiş olunan plastika nümunələrinin də öz fəlsəfəsi var. Relyef biçimli “Qara günəş” və “İlahi güc” kompozisiyalarında təzadlı insan yaşantılarına tutulan ümumiləşdirilmiş “bədii güzgü”də özlərini təkliyə məhkum etmiş kəslər üçün də ümid çırağının mövcudluğuna inam böyükdür...
Sərgidəki daha bir-neçə əsərdə ifadə olunan insan yaşantıları isə xalqımızın ötən əsrin sonlarında tuş gəldiyi ağrılı hadisələrə həsr olunub. Heykəltəraş Zakir Mehdiyevin “Xocalı faciəsi” kompozisiyasında, rəngkarlardan Vahid Novruzovun “20 Yanvar”, Ədalət Qaranın “Ayrılarmı könül candan...” tablolarında baş verən faciələrin baiskarlarına ünvanlanan ittihamlarla yanaşı, baş verən ədalətsizliyin tezliklə aradan qaldırılacağına bəslənən ümid də yaddaqalan bədii ifadəsini tapıb.
Bu nikbinliyi rəssamların Azərbaycan təbiətinin füsunkar gözəlliyinə həsr olunmuş lövhələrində də duymaq mümkündür. Məmməd Şirzadovun “Naxçıvan mənzərəsi”, Mənsur Cəfərovun “Ordubad dağları”, Teymur Ağalıoğlunun “Qədim evlər”, Ziyad Sultanovun “Gəmilər və qağayılar”, Sabir Mehdiyevin “Bahar” və s. əsərlərinin adını çəkmək olar. Trabzon şəhərində çalışan Əməkdar rəssam Arif Ələsgərovun “Həyatın başlanğıcı” və Məhər Bayramovun “Burulğan”, Rəsul Rzayevin “Əksetmə” və Əli Herisçinin “Mənim müasirim” adlı müxtəlif üslubda işlənmiş lövhələrində bizi əhatə edən gerçəkliyə münasibət fəlsəfi bədii qata bələnərək tamaşaçı düşüncələrinə təsir edir...
Məhəmməd Əliyevin “Ağsaqqal” və “Ailə”, Məmməd Şirzadovun “Ana körpəsi ilə”, Elçin Mustafayevin “Pişik və qız”, Vahid Talıbın “Portret”, Asim Rəsuloğlunun “Təmas”, İsmayıl Hüseynovun “Yalqızlıq”, Sərhəd Rzayevin “Nənə”, Rasim Nəzirovun “Görüş”, Nazim Məmmədovun “Bu gecə” və Tariyel Əlizadənin “Güllər” tablolarında ifadə olunan fikirlər duyulası qədər fərqli bədii ifadə vasitələri ilə gerçəkləşdiyindən tamaşaçı tərəfindən baxımlı mənəvi qaynaq kimi qəbul olunurlar...
Qeyd edək ki, ölkəmizin Türkiyədəki səfirliyinin təşəbbüsü ilə keçirilən bu sərgi qardaş ölkədə yaşayıb-yaradan rəssamlarımızın yaradıcılıq hesabatı və Azərbaycan təsviri sənətinin təbliğinə xidmət edən mühüm təşəbbüsdür.
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi