Ölkəmiz MDB xalqlarının festivalında təmsil olunacaq

Fevralın 1-də Qazaxıstanın Almatı şəhərində MDB ölkələri xalqlarının “Teltuma mədeniyet” (“Özünəməxsus mədəniyyət”) festivalı başlayacaq. Bir ay ərzində şənbə günləri keçiriləcək festivalda MDB ölkələri öz mədəniyyətini, tarixini, adət-ənənələrini, xalq sənətlərini nümayiş etdirəcək. Tədbirdə milli geyimlər, xalq sənəti nümunələri, məişət, bəzək əşyaları və əl işlərindən ibarət sərgilər təşkil olunacaq, xalq oyun və mərasimi göstəriləcək, milli yeməklər təqdim olunacaq.
Festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatı martın 1-də Alatau rayonunun qubernatorluğu qarşısında meydanda keçiriləcək.
Qeyd edək ki, “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində Almatı şəhəri 2014-cü ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib. MDB ölkələrinin mədəniyyət ilinin rəsmi açılışı fevralın ortalarında olacaq.