Azərbaycanlı rəssamın əsərləri Parisdə sərgilənəcək

Tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyova ölkəmizi Parisin MARAİS İncəsənət Mərkəzinin Paulia Roza qalereyasında keçiriləcək beynəlxalq “Teatr və balet” sərgisində təmsil edəcək. Fevralın 20-dən martın 16-dək davam edəcək sərgidə rəssamın “Bütün həyat teatrdır” seriyasından 5 əsəri nümayiş olunacaq.
Sərgidə həmçinin tanınmış rusiyalı rəssamlar Yelena Rezayeva, Mariya de Marko, Dina Lebedeva və Andrey Tırtışnikov da iştirak edəcəklər.
Azərbaycanın görkəmli rəssamı Vidadi Nərimanbəyovun qızı Nigar Nərimanbəyova 1961-ci ildə Bakıda doğulub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Azərbaycan Rəssamlıq Akademiyasını və Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Fransa, Almaniya, Avstriya, Azərbaycan və digər ölkələrdə sərgilərdə iştirak edib.