Yanvarın 31-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında istedadlı gənc rəssam Bəhruz Kəngərlinin fərdi sərgi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı çərçivəsində təşkil edilən sərgidə rəssamın 20-dən çox əsəri nümayiş olunurdu.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov yanvarın 26-da başlanan incəsənət festivalı günlərində paytaxtın bir sıra mədəniyyət ocaqlarında gənc rəssamların sərgilərinin keçirildiyini diqqətə çatdırdı. Dövlət tərəfindən yaradıcı gənclərin daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayan sektor müdiri əlamətdar gün ərəfəsində təkcə rəssamların deyil, gənc ədiblərin, bəstəkarların, ifaçıların və sənətin digər sahələri ilə məşğul olan gənclərin bir araya gəldiyini, bu cür tədbirlərin gənclərə stimul verdiyini bildirdi.
Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov gənc rəssam Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirdi, sərginin əsas məqsədinin gənc fırça ustasının əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək olduğunu dedi. İstedadlı gəncin Azərbaycan realist boyakarlığının banisi Bəhruz Kəngərlinin adını doğruldacağına inandığını, rəssamın təqdim edilən əsərlərdə artıq bunu sübuta yetirdiyini vurğuladı.
Sonda rəssamın atası və müəllif tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürlərini bildirdilər.

Lalə