İtaliyanın “Viabizzuno” şirkətinin Bakıda açılan salonu arxitektor və dizaynerlər üçün yeniliklər təqdim edir
“Məqsədimiz Azərbaycan memarlığını inkişaf etdirməkdir”
Xəbər verdiyimiz kimi, paytaxtın Həsənoğlu küçəsi, 4 ünvanında müasir arxitekturada işıqlandırma texnologiyalarını və dizayn yeniliklərini nümayiş etdirən sərgi-mağaza açılıb. İtaliyanın məşhur “Viabizzuno” və Azərbaycanın “Yeni memar” şirkətlərinin birgə təşəbbüsü ilə açılan sərgi-mağazada ən müasir işıqlandırma sistemləri, onların memarlıq həlli, kataloqlar müştərilərin ixtiyarına verilib.
“Yeni memar” şirkətinin baş direktoru İlqar Xankişizadənin sözlərinə görə, belə bir məkanı açmaqda məqsəd günü-gündən müasirləşən paytaxtımızda, digər şəhərlərimizdə arxitektura ilə işıqlandırmanın sintezini yaratmaq istəyənlərə bu yöndə yenilikləri təqdim etmək, geniş seçim imkanı verməkdir. Onun sözlərinə görə, “Yeni memar” şirkəti uzun müddət idi ki, İtaliyanın “Viabizzuno” şirkəti ilə əməkdaşlıq edir: “Heydər Əliyev Mərkəzinin daxili işıqlandırılmasının qurulmasında, digər tikililərin, ictimai iaşə obyektlərinin interyer və eksteryer dizaynında bu şirkətin məhsullarından istifadə etmişik. Bu uğurlu əməkdaşlıq bizi Bakıda sərgi-mağazanı açmağa sövq etdi. Ümid edirik ki, müştərilərimiz də bu işbirliyindən razı qalacaqlar”.
“Yeni memar” şirkətinin 1997-ci ildən fəaliyyət göstərdiyini deyən həmsöhbətim bir çox böyük layihələrdə yer aldıqlarını, xarici memarlıq şirkətləri ilə əməkdaşlıq qurduqlarını dedi: “Onlardan biri də İtaliyanın “Viabizzuno” şirkətidir. Bu şirkətlə işləməyimizin əsas səbəbi isə onların işıqlandırmaya qeyri-adi yanaşmaları, modern üslubda ən müxtəlif dizayn həlləri təklif etmələridir. Bilirsiniz ki, işıqlandırma arxitekturanın ayrılmaz bir parçasıdır. Hər hansı bir memarlıq elementini qabartmaq, məkana fərqli ab-hava qatmaq üçün işıqlandırma mühüm vasitədir. Biz də istədik ki, doğma şəhərimizdə, öz evində, ofisində fərqlilik yaratmaq istəyən sakinlərimiz bu imkandan çox da uzağa getmədən yararlana bilsinlər”.
İtalyan mütəxəssislərin işin təşkilində hansı formada iştirak edəcəklərinə gəlincə, İlqar Xankişizadə bildirdi ki, bu əməkdaşlıq yalnız “Viabizzuno” məhsullarının satışı ilə məhdudlaşmır: “Şirkətin bir neçə nümayəndəsi Bakıda quraşdırma, müştərilərə birbaşa xidmət sahəsində çalışacaqlar, ev, ofis, ictimai iaşə obyektlərinə baxış keçirib müxtəlif dizayn həlləri təklif edəcəklər. Eyni zamanda, bizim yerli memarların İtaliyada təcrübə keçməsini təmin edəcəyik, mənim də məzunu olduğum Memarlıq və İnşaat Universitetində seminarlar təşkil olunacaq. Bu əməkdaşlıqda məqsədimiz həm də Azərbaycan memarlığını, onun bir parçası olan işıqlandırma dizaynını inkişaf etdirməkdir”.
“Daha çox təbii işıqlandırmaya üstünlük veririk”
“Viabizzuno” şirkətinin ixrac məsələləri üzrə meneceri Danilo Mandelli Bakıda fəaliyyətə başlamalarından məmnunluğunu ifadə etdi və şirkət haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, 80-dən çox ölkədə fəaliyyət göstərən şirkətin ana fəlsəfəsi işıqlandırmada ən müasir və kreativ dizayn həllərini tapmaq, interyer və eksteryerdə uğurlu tətbiqini həyata keçirməkdir: “Bizim şirkətin unikallığı ondan ibarətdir ki, işçilərimizin əksəriyyəti ən müxtəlif sahələrdə çalışmış yenilikçi gənclərdir. Mebel dizaynında, moda, televiziya, film, memarlıq sahəsində çalışan yaradıcı gəncləri bir məkana toplamışıq. Bizim ofisimizin özü də sırf işıqla bağlıdır. Bina elə tikilib ki, gün çıxanda da, batanda da binada təbii işıqlandırma günün müxtəlif vaxtlarında fərqli dizayn həlli yaradır və bizim əməkdaşlar da bundan bir növ ilhamlanır, yeni tapıntılar ortaya qoyurlar”.
Şirkətin daha çox təbii işıqlandırma vasitəsilə müxtəlif dizayn üslubları yaratmağa üstünük verdiyini deyən Danilo Mandelli bu sahə üzrə bir çox mükafatlara layiq görüldüklərini qeyd etdi: “Elə məkanlar olur ki, onların təbii işıqlandırma imkanları məhduddur. Ancaq biz çalışırıq ki, maksimum səviyyədə bu imkanı təmin edək. Yox əgər bu tamamilə mümkün deyilsə, o zaman təbii işıqlandırma effekti yaradan müxtəlif üsullardan istifadə edirik ki, çox zaman məkana daxil olan şəxs üçün günəşin haradan düşdüyü sirr olaraq qalır”.
İtalyan mütəxəssis yerli tərəfdaşlarla faydalı işbirliyinə ümidvar olduğunu dedi: “Bu sərgi-mağazanı açmaqda əsas məqsədimiz işıq effektləri vasitəsilə məkana necə fərqlilik yarada biləcəyimizi göstərmək və bu xidmətləri müştərilərimizə ən yüksək səviyyədə təqdim etməkdir. Salonumuzda ən maraqlı dizayn həllərini nümayiş etdirməyə çalışmışıq. Eyni zamanda, çox geniş kataloq imkanlarımız var ki, müştərilərimiz onlardan öz zövqlərinə uyğun seçim edə bilərlər. Bu işdə bizə “Yeni memar” şirkəti də yaxından kömək edəcək”.
Danilo Mandelli Bakıda belə bir salonun açılmasının təsadüfi olmadığını dedi: “Paytaxtınızda inşaat sektorunun, tikinti-quruculuq işlərinin geniş vüsət alması, Azərbaycanın artan iqtisadi imkanları beynəlxalq şirkət kimi bizi də burada təmsil olunmağa sövq etdi. Eyni zamanda, “Yeni memar” şirkəti ilə uğurlu işbirliyimiz də bizim üçün əlavə stimul oldu və qərara gəldik ki, Bakıda belə sərgi-mağaza ilə müştərilərimizə birbaşa xidmət göstərək. Onu da qeyd etmək istərdim ki, bizim başqa ölkələrdə zavodlarımız yoxdur, bütün məhsullar İtaliyada istehsal olunur və oradan bütün dünyaya çatdırılır”.
Açılış mərasimində iştirak edən qonaqlardan bəzilərinin təəssüratlarını da öyrəndik.
“Memar” jurnalının baş redaktoru Elkin Ələsgərov şəhərimizdə belə bir məkanın açılmasından məmnunluğunu ifadə etdi: “İtaliyanın məşhur şirkətinin Bakıda təmsil olunması sevindiricidir. Bu həm yerli memar-dizaynerlər üçün yeni üfüqün açılması, həm də fərqliliyi sevən müştərilər üçün əlavə imkandır. Bir mühüm cəhət də odur ki, dizayn-quraşdırma işlərində yerli əməkdaşlarla yanaşı, italiyalı mütəxəssislər də iştirak edəcəklər. Bu isə ölkəmizə yeni yanaşma və təcrübənin gəlməsi deməkdir. Yerli memarımızın bu əməkdaşlıqda tərəfdaş olması da əlamətdar faktdır. Məncə, bu, hər iki tərəf üçün səmərəli olacaq. Bu uğurlu təşəbbüsü reallaşdıranları təbrik edir, onlara uğurlar arzulayıram”.
Mədəni və iqtisadi əlaqələrin uğurlu nümunəsi
İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Kutillo Bakıda belə bir sərgi-mağazanın fəaliyyətə başlamasını ikitərəfli mədəni və iqtisadi əlaqələrin uğurlu inkişafına daha bir nümunə kimi xarakterizə etdi: “Məşhur italyan şirkətinin Bakıda fəaliyyəti bizim ölkəmizin ən müsbət tərəflərinin burada təmsil olunması deməkdir. İtalyanların əsas üstün cəhətlərindən biri kreativlik, estetik yanaşmadır. Bir italyan şirkətinin burada fəaliyyətə başlaması isə eyni təcrübə və yanaşmanın Azərbaycana gətirilməsi deməkdir. Ümumiyyətlə isə italiyalı dizayner və memarlar Bakıda bir çox böyük layihələrdə yer alıblar və ölkələrimiz, eyni zamanda, özəl şirkətlər arasında uğurlu işbirliyi mühiti mövcuddur. Bu gün açılışı gerçəkləşdirilən bu sərgi-mağaza da bunun ən bariz nümunəsidir”.
Sadiq Musa