Fevralın 21-də Müasir İncəsənət Muzeyində tanınmış rəssam Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılacaq. Rəssam insan təxəyyülünü öz ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi instalyasiyaların müəllifidir. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib. 2007-ci ildə ölkəmizi 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən il isə rəssamın “İtmiş. Bu da keçəcək” (“Lost in translation. This too shall pass”) əsəri Venesiya Biennalesində “YARAT” Müasir İncəsənət Məkanının pavilyonunda nümayiş etdirilib. Rəssamın əl işləri Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində sərgilənib.
Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyində fərdi sərgisi martın 20-dək davam edəcək.